Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İran İslam Respublikasına 10,421 milyon ABŞ dolları dəyərində 154,840 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Bundan başqa, hesabat dövründə Azərbaycan İrandan 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Ötən ilin eyni dövründə iki ölkə arasında təbii qaz (qaz halında) idxal və ixracı qeydə alınmayıb.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 8 ölkəyə 4,882 milyard ABŞ dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 386,7 milyon ABŞ dolları və ya 7,3% az, həcm baxımından isə 18,019 milyon kubmetr və ya 0,12% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 33,982 milyon ABŞ dolları dəyərində 221,593 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,981 milyon ABŞ dolları və ya 2,6 dəfə, həcm baxımından isə 28,406 milyon kubmetr və yaxud 12,8% azalıb.
Enerji sahəsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Tərəflər qaz ticarəti, svop əməliyyatları və regional enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində dialoqu davam etdirirlər.
İran tərəfi də bu əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan edir.
İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli Trend-ə eksklüziv müsahibəsində bildirib ki, Tehran Azərbaycanla qaz mübadiləsi və svop əməliyyatlarının genişləndirilməsinə hazırdır.
"İranın qaz infrastrukturu qaz svopu və mübadiləsi üzrə əməkdaşlıq üçün bütün imkanlara malikdir. Bu istiqamətdə müzakirələr aparılır və ümid edirik ki, onlar yaxın gələcəkdə praktik addımlarla nəticələnəcək", – deyə o bildirib.
Təvəkkolinin sözlərinə görə, İranın Milli Qaz Şirkəti ilə SOCAR arasında uzunmüddətli qaz müqaviləsinin müddəti yenidən uzadılıb və mövcud əməkdaşlıq uğurla davam edir.
"Azərbaycanın digər qonşu ölkələrlə İran üzərindən qaz svopu və mübadiləsi üzrə razılaşmaları olacağı təqdirdə, İran bu əməkdaşlığa tam hazırdır", – deyə nazir müavini Trend-ə bildirib.