Bakı. Trend:
Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çindən alınan 7 yeni AC50 tipli yük lokomotivini təqdim edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin istehsalı olan lokomotivlər artıq Bakıya çatdırılıb.
Yeni magistral lokomotivlər ADY-nin lokomotiv parkının yenilənməsi və yükdaşıma imkanlarının genişləndirilməsi məqsədilə istismara cəlb olunacaq.
"AC50" tipli lokomotivlər müasir dartı, idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib. Yüksək dartı gücünə malik teplovozlar ağır tonnajlı və daha uzun tərkibli yük qatarlarının təhlükəsiz və səmərəli idarə edilməsinə imkan verir.
Lokomotivlərin texniki xidmət dövrü 90 gün müəyyən edilib. Teplovozların əsas çəninin sıxılmış hava tutumu 2 min litrdir və onlar iki kompressorla təchiz olunub.
Bundan başqa, iki lokomotivin ardıcıl qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə edilməsi mümkündür. Bu imkan daha böyük həcmdə yüklərin daşınmasına, ağır tonnajlı qatarların idarə edilməsində əməliyyat səmərəliliyinin yüksəldilməsinə və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır.
"AC50" modeli Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) IIIA səviyyəli ekoloji standartlarına cavab verir və xüsusi emissiya tələblərinin tətbiq olunduğu ərazilərdə istifadə edilə bilər.
Yeni lokomotivlərin beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında istismarı nəzərdə tutulur.
Qeyd edək ki, ADY lokomotiv parkının yenilənməsi və beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yükdaşımaların daha çevik və təhlükəsiz təşkili istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.


