Bakı. Trend:
Hər bir xalqın tarixində onun dövlətçilik iradəsini, milli birliyini və gələcəyə inamını ifadə edən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 20 Sentyabr – Dövlət Suverenliyi Günü məhz belə tarixi günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı uzunmüddətli mübarizənin məntiqi və qürurverici nəticəsini ifadə edir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, suverenlik hər bir müstəqil dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərtidir:
“Dövlətin öz ərazisi üzərində ali hakimiyyətini həyata keçirməsi, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirməsi onun suverenliyinin fundamental göstəriciləridir. Azərbaycan xalqı tarixinin ən mürəkkəb dövrlərində belə müstəqil dövlətçilik arzusundan geri çəkilməmiş, milli iradəsini qoruyub saxlamışdır.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ərazilərimizin bir hissəsinin uzun illər işğal altında qalması ölkəmizin ərazi bütövlüyünün faktiki təmin edilməsinə imkan vermirdi. Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası istiqamətində uzun illər aparılan danışıqlar nəticə vermədi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər vəziyyəti əsaslı şəkildə dəyişdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazilərinin böyük hissəsini işğaldan azad etdi və ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi.
2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin öz sərhədləri üzərində suveren nəzarətinin təmin edilməsi baxımından mühüm tarixi addım oldu.
Həmin ilin sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal antiterror tədbirləri dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ərazilərimizdə təmin edilməsi üçün tarixi şərait yarandı.
Məhz buna görə sentyabrın 20-si Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi məna daşıyır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi nailiyyətin dövlət səviyyəsində əbədiləşdirilməsidir”.
A.Həsənova vurğulayıb ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də təsadüfi deyildi:
“Konstitusiya dövlətimizin hüquqi əsaslarını, suverenlik isə həmin dövlət hakimiyyətinin müstəqilliyini və bütün ölkə ərazisində aliliyini ifadə edir. Bu iki anlayış müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarıdır.
Dövlət Suverenliyi Günü eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu gün sahib olduğumuz bütöv və suveren Azərbaycan qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın milli birliyi və dövlətimizin illər boyu apardığı ardıcıl siyasət nəticəsində mümkün olmuşdur.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Qarşıda duran əsas vəzifə tam suverenlik şəraitində əldə edilmiş nailiyyətləri qorumaq, işğaldan azad edilmiş ərazilərin bərpasını və reinteqrasiyasını davam etdirmək, iqtisadi inkişafı sürətləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.
20 Sentyabr təkcə təqvimdə əlamətdar bir gün deyil. Bu tarix Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzidir”.