Bakı. Trend:
Yeni lokomotivlərin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarının genişlənməsinə və yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradacaq.
Bunu Kaspi Analitika Mərkəzinin direktoru Orxan Yolçuyev Çindən alınmış yeni yük lokomotivlərinin təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qlobal nəqliyyat və yük zəncirlərində baş verən dəyişikliklər fonunda 7 yeni lokomotivin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artıracaq.
“Azərbaycandan bir neçə beynəlxalq nəqliyyat dəhlizi keçir. Onlardan ən fəal istifadə olunanlar Şərq-Qərb və Şimal-Cənub dəhlizləridir. Yeni lokomotivlərin alınması Azərbaycan Dəmir Yollarının manevr imkanlarını artırmaqla yanaşı, yükdaşımaların daha fasiləsiz həyata keçirilməsinə imkan yaradır”, – deyə O.Yolçuyev bildirib.
Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə, xüsusilə Avrasiya məkanında müşahidə olunan qeyri-müəyyənlik fonunda iri biznes və yükdaşıyıcıları üçün marşrutun yalnız ucuz olması deyil, onun sabitliyi və proqnozlaşdırıla bilməsi də mühüm əhəmiyyət daşıyır.
“Bu baxımdan Azərbaycanın həyata keçirdiyi layihələr, o cümlədən 7 yeni lokomotivin alınması ölkənin Avrasiya məkanında tranzit ölkə və logistika xabı kimi rolunu artıracaq”, – deyə o vurğulayıb.
O.Yolçuyev qeyd edib ki, beynəlxalq institutların, o cümlədən Dünya Bankının proqnozlarına əsasən, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların ən azı üç dəfə artacağı gözlənilir.
“Bu onu göstərir ki, Azərbaycan artan yük həcmlərinə hazır olmalıdır. Yeni lokomotivlərin alınması da bu hazırlığın bir hissəsidir. Növbəti mərhələdə daha 14 belə lokomotivin alınması müzakirə olunur. Nəticə etibarilə, bu addımlar Azərbaycanın həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutu üzrə tranzit ölkə və logistika xabı kimi rəqabət qabiliyyətini və dayanıqlığını daha da artıracaq”, – deyə o bildirib.
O.Yolçuyev əlavə edib ki, Azərbaycan logistika xabına çevrilmək istiqamətində ardıcıl şəkildə irəliləyir.
“Azərbaycan həm dəmir yolu, həm avtomobil, həm də hava daşımaları baxımından Avrasiyanın əsas nəqliyyat nöqtələrindən birinə çevrilir”, – deyə Kaspi Analitika Mərkəzinin direktoru qeyd edib.