Bakı. Trend:
Türk İnvestisiya Fondunun nizamnamə kapitalının artırılması planlaşdırılır.
Bu barədə Trend-ə açıqlamasında Türk Dövlətləri Təşkilatı Baş Katibi Kubanıçbek Ömüralıyev deyib.
O qeyd edib ki, hazırda fondun nizamnamə kapitalı 600 milyon ABŞ dollarıdır.
“Hazırda 600 milyon ABŞ dolları ilə çalışırıq. Lakin bu məbləğin artırılması düşünülür. Türk dünyası iqtisadiyyatlarının 2025-ci il üzrə orta artım tempi 6,86 faiz səviyyəsində olub. Bu onu göstərir ki, Türk dünyası artıq qlobal istehsal, ticarət, enerji və loqistika balansında çəkisi getdikcə artan strateji mərkəzlərindən biridir.
TDT ölkələri arasındakı ticarətin ümumi ticarətdəki payı bu gün təxminən 7 faizdir. Bir neçə il əvvəl 3 faiz idi. Artım əlbəttə yaxşıdır. Lakin daha da artması üçün potensialımız çoxdur”,- deyə o bildirib.
Qeyd edək ki, Türk İnvestisiya Fondu iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi və bütövlükdə türk dünyasının dayanıqlı inkişafına dəstək məqsədilə türkdilli dövlətlər tərəfindən yaradılmış ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur.
2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşündə dövlət başçıları Türk İnvestisiya Fondunun yaradılması və onun prezidentinin təyin edilməsi barədə qərar qəbul ediblər. Fondun yaradılması haqqında Saziş 2023-cü il martın 16-da Ankarada keçirilən TDT-nin növbədənkənar Zirvə görüşündə imzalanıb və 2024-cü il fevralın 24-də qüvvəyə minib. Fondun nizamnamə kapitalı 600 milyon ABŞ dollarıdır.