Bakı.Trend:
Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın inkişafına töhfə verir.
Bu barədə Trend-in əldə etdiyi "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
Qeyd olunur ki, Mərkəzi Asiya və Qafqazda nəqliyyat, logistika və energetikaya yatırılan investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə və ortamüddətli perspektivdə artımın dəstəklənməsinə kömək edəcək.
“Orta Asiya və Qafqazdan keçən Orta Dəhliz çərçivəsində artan fəallıq getdikcə Qazaxıstan, Azərbaycan və Gürcüstanın inkişafına töhfə verir. Bununla yanaşı, daha geniş üstünlüklər Özbəkistan və Qırğızıstan Respublikasına da şamil olunur. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimi layihələr regionun Avropa, Çin və Körfəz ölkələri ilə inteqrasiyasını gücləndirir.
İqtisadi artım hasilat sənayesindən də kənara çıxır. Mərkəzi Asiyada xidmət sektoru, emal sənayesi və tikinti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Ermənistan və Gürcüstanda isə informasiya-kommunikasiya texnologiyaları, maliyyə xidmətləri və turizm sahələri genişlənir”, – deyə agentliyin hesabatında bildirilir.
"Moody’s"in məlumatına görə, Xəzər Yaşıl Enerji Dəhlizi və Qara dənizdən keçməsi planlaşdırılan sualtı kabel də daxil olmaqla, bərpa olunan enerjiyə və transsərhəd elektrik şəbəkələrinə investisiyalar yeni artım mənbələri yaradır və regionun enerji bağlantısını gücləndirir.
“Qazaxıstan, Özbəkistan, Azərbaycan və Ermənistan həmçinin məlumat emalı mərkəzlərinə, fiberoptik şəbəkələrə və hesablama infrastrukturuna investisiya yatırır. Bu isə zamanla məhsuldarlığın artırılmasına və daha yüksək əlavə dəyər yaradan mal və xidmətlərin ixracının artmasına töhfə verə bilər”, - deyə agentliyin hesabatında qeyd olunur.
Qeyd olunur ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.