Bakı.Trend:
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Qafqaz regionunda ticarətin inkişafına töhfə verəcək.
Bu barədə Trend-in əldə etdiyi "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
“Ən mühüm müsbət geosiyasi hadisə Ermənistan və Azərbaycan arasında münasibətlərin davam edən normallaşmasıdır. Daha dayanıqlı nizamlanma regionda sabitliyə, nəqliyyat bağlantılarının yaxşılaşmasına, eləcə də Qafqazda ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün yeni imkanların yaranmasına töhfə verəcək”, - deyə hesabatda qeyd olunur.
Xatırladaq ki, 21 oktyabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev işğal dövründən etibarən qüvvədə olan, yüklərin Ermənistana tranzitinə tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
Yeni marşrutla daşınan ilk yük Qazaxıstandan göndərilən taxıl olub. Həmin vaxtan bəri Qazaxıstan və Rusiyadan müxtəlif məhsullar Azərbaycan ərazisindən keçməklə, o cümlədən, Azərbaycanın özündən Ermənistana müntəzəm olaraq tədarük edilir.
Bu günədək Azərbaycandan Ermənistana təxminən 17 min ton dizel yanacağı və 5 min tona yaxın AI-92 və AI-95 markalı benzin ixrac olunub. Bundan əlavə, Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana təxminən 60 min ton taxıl, 9 min tondan çox gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 608 ton taxta göndərilib.
"Moody’s" hesab edir ki, region iqtisadiyyatlarının dayanıqlığının artmaqda davam etməsinə baxmayaraq, siyasi və geosiyasi risklər Mərkəzi Asiya və Qafqaz ölkələrinin kredit qabiliyyətini məhdudlaşdıran əsas amillərdən biri olaraq qalacaq.
“Ukraynadakı müharibə əsas geosiyasi risk olaraq qalır. Bu, Ukrayna və Belarusa birbaşa, daha geniş regiona isə ticarət, miqrasiya, enerji və istehlak kanalları vasitəsilə dolayı təsir göstərir”, – deyə reytinq agentliyinin analitikləri bildiriblər.
Eyni zamanda, "Moody’s "qeyd edir ki, regionun bir çox ölkəsi geosiyasi sarsıntılara qarşı dayanıqlığını gücləndirib.
“Mərkəzi Asiya iqtisadiyyatları Avropa İttifaqı, Çin, Türkiyə və Körfəz ölkələri ilə iqtisadi əlaqələrini genişləndirməkdə davam edir. Ticarətin şaxələndirilməsi, xarici ehtiyatların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi xarici sarsıntılara qarşı həssaslığı azaldıb və iqtisadi siyasətin çevikliyini artırıb. Nəqliyyat, enerji və rəqəmsal infrastruktura davam edən investisiyalar Rusiyaya yönəlmiş ənənəvi marşrutlardan kənarda ticarət və iqtisadi artım üçün alternativ kanallar da yaradır”, -deyə məlumatda qeyd olunur.
Bundan əlavə, "Moody’s" qeyd edir ki, Yaxın Şərqdəki münaqişə region üçün ikinci dərəcəli geosiyasi risk təşkil edir. Onun ölkələrin kredit qabiliyyətinə təsirinin birbaşa ticarət və ya maliyyə kanalları ilə deyil, əsasən enerji resursları, ərzaq və nəqliyyat qiymətləri vasitəsilə özünü göstərəcəyi ehtimal olunur.
"Enerji resurslarının netto-idxalçıları, xüsusilə Moldova və Qərbi Balkanların bəzi ölkələri bu amillərə qarşı daha həssas olaraq qalır. Eyni zamanda, enerji resurslarının qiymətlərinin yüksəlməsi Qazaxıstan və Azərbaycan kimi ixracatçıların büdcə və xarici balanslarını dəstəkləyir. Ümumilikdə, daha səmərəli iqtisadi siyasət mexanizmləri, dayanıqlığın artırılması və iqtisadiyyatın davam edən şaxələndirilməsi bu risklərin məhdudlaşdırılmasına və region ölkələrinin əksəriyyətinin kredit göstəricilərinin yaxşılaşmasının dəstəklənməsinə imkan verəcək”, - deyə hesabatda qeyd olunur.