Ağdərə. Trend:
Azərbaycan və Qırğızıstan arasında münasibətlər daha strateji və sıx xarakter alır.
Bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Trend-ə açıqlamasında deyib.
Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir ay əvvəl Qırğızıstana dövlət səfərindən sonra iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından mühüm razılaşmalar əldə olunub.
“İlk növbədə, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinə dair müqavilə imzalanıb. Bu müqaviləyə uyğun olaraq münasibətlərimiz ölkələr arasında qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsinə yüksəlib.
Müttəfiqlik razılaşmalarına uyğun olaraq, gələcək əməkdaşlığımız daha genişmiqyaslı xarakter alacaq. Buna görə də dövlətlərarası əlaqələrin bütün istiqamətləri üzrə daha sıx əməkdaşlıq və fəallıq gözləyirik”, – deyə M.Mamıtkanov qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində, həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, “Sadıqcanın evi”ni, Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda iştirak ediblər.