Bakı.Trend:
Türkiyə və Azərbaycan Qarabağda kəşfiyyat və hasilat sahəsində birgə layihələrin davam etdirilməsi imkanını nəzərdən keçirir.
Trend-in müxbiri xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra keçirilən brifinqdə deyib.
“Biz həm Türkiyədə, həm də Azərbaycanda SOCAR və "Turkish Petroleum" şirkətlərinin kəşfiyyat və hasilat sahəsində birgə layihələrini müzakirə edirik. Bu layihələr ötən il Şəfəq-Asiman layihəsi ilə başlayıb və ümid edirəm ki, Qarabağda da davam edəcək. Həmçinin SOCAR-ın Türkiyədə və üçüncü ölkələrdə birgə layihələrini müzakirə edirik”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, bu gün dünya böhranlar şəraitindədir:
“Xüsusilə bu, enerji ətrafında cərəyan edən böhran proseslərinə aiddir. Ona görə də belə bir dövrdə nümunəvi əməkdaşlığa malik olmaq və onun daha da inkişaf etdirilməsi istiqamətində addımlar atmaq hamımız, eləcə də region və dünya üçün vacibdir.
Son 5-6 il ərzində pandemiya ilə başlayan proseslərin, daha sonra Rusiya ilə Ukrayna arasındakı müharibənin, hazırda isə ABŞ ilə İran arasında davam edən müharibə ilə bağlı böhranın şahidi oluruq. Bütün bunlar göstərir ki, yeni dövr, yeni normal, görünür, münaqişələr və böhranlarla xarakterizə olunur. Belə bir şəraitdə beynəlxalq və ikitərəfli əməkdaşlıq daha da böyük əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında, xüsusilə enerji sahəsində əməkdaşlıq həqiqətən də örnək göstərilə biləcək səviyyədədir.
“Artıq qeyd etdiyim kimi, Enerji Forumu bu əməkdaşlığın institusional formasıdır. Bu gün onun beşinci iclasını keçiririk və forum iki gün ərzində burada intensiv formatda davam edir”, - deyə o qeyd edib.