Bakı. Trend:
Azərbaycanda dünyada ali təhsil sahəsində baş verən trendlər nəzərə alınaraq üçillik bakalavr proqramına keçid məsələsinə baxılmalı, ali təhsil qanunvericiliyinə yenidən nəzər salınmalı və yeni standartların tətbiqi imkanları müzakirə edilməlidir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu yaxınlarda ilk dəfə olaraq ABŞ universitetlərindən biri – Vaşinqtonda yerləşən "American University" üçillik ali təhsil proqramına keçib.
Deputat qeyd edib ki, bu, ABŞ cəmiyyəti üçün əhəmiyyətli dəyişiklikdir. Onun sözlərinə görə, Avropa universitetləri və Avropa ölkələri Bolonya sistemi çərçivəsində üçillik bakalavr proqramına çoxdan keçiblər.
“Amerika klassik olaraq dördillik bakalavr təhsilini təqdim edirdi. Amma artıq Amerika universitetləri də yavaş-yavaş bu istiqamətdə düşünməyə başlayıblar”, – F.İsmayılzadə deyib.
O vurğulayıb ki, ABŞ universitetlərinin bu istiqamətdə dəyişiklik etməsinin səbəblərindən biri bazarın tələblərinin dəyişməsi və universitetlərdən daha çox çeviklik tələb olunmasıdır.
Deputatın sözlərinə görə, yeni ixtisasların açılması və inkişaf etdirilməsi istiqamətində də çeviklik tələb olunur.
F.İsmayılzadə bildirib ki, təhsilin xərcləri də artır və dünyada mövcud trendlər təhsilin əlçatan olmasının vacibliyini göstərir.
“Təəssüf ki, çox ölkələrdə təhsilin xərcləri artır. Ona görə müxtəlif faktorları nəzərə alaraq artıq o universitetlər də üçillik bakalavra keçidə gedirlər”, – o qeyd edib.
Deputat hesab edir ki, dünyada baş verən trendlər nəzərə alınaraq Azərbaycanda da ali təhsil sahəsində mövcud yanaşmalara yenidən baxılması məsələsi nəzərdən keçirilməlidir.
“Mən düşünürəm ki, bu ümumi konteksti nəzərə alaraq, dünyada baş verən trendləri nəzərə alaraq biz düşünməliyik, ali təhsil qanunumuza yenidən baxmağa bəlkə ehtiyac var”, – F.İsmayılzadə bildirib.
Onun sözlərinə görə, ali təhsil sistemində yeni standartların tətbiqinə ehtiyac var. Bu, universitetlərdə daha çox çevikliyin təmin edilməsinə, onların əmək bazarının tələblərinə daha sürətli cavab verməsinə və beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanmasına imkan verə bilər.
“Universitetlərdə daha çox çeviklik olsun, universitetlər bazarın tələblərinə daha tez cavab verə bilsinlər və mütəxəssislərin yetişdirilməsində daha beynəlxalq standartlara uyğun olsunlar”, – deputat deyib.
F.İsmayılzadə hesab edir ki, bu mövzu ilə bağlı ictimai dinləmələrin təşkili məqsədəuyğun olar.
“Ona görə düşünürəm ki, bu mövzuda biz yəqin ki, həm ictimai dinləmə təşkil etməliyik, həm də eyni zamanda yenidən bəlkə ali təhsil qanununa baxmaq ehtiyac var”, – o vurğulayıb.
Deputat qeyd edib ki, ali təhsil haqqında qanun layihəsi daha əvvəl müzakirə olunub.
“Bilirəm ki, onun layihəsi müzakirə olunmuşdu, amma cəmiyyətdə də ona böyük bir ehtiyac var”, – F.İsmayılzadə əlavə edib.