Xankəndi. Trend:
Özbəkistan investorları Qarabağda fəaliyyət göstərmək, sərmayə yatırmaq və yeni layihələr həyata keçirmək üçün imkanları nəzərdən keçirirlər.
Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Onun sözlərinə görə, Özbəkistan–Azərbaycan münasibətləri hazırda özünün ən yüksək nöqtəsində, misli görünməmiş səviyyədədir.
“Son beş il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi xeyli artıb, bütün səviyyələrdə münasibətlərimiz inkişaf edib. Ən əsası isə 2024-cü ildə biz müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Artıq 2026-cı ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı əbədi dostluq haqqında müqavilə imzalandı. Yəni münasibətlərimiz yüksələn xətlə inkişaf edir.
Bütün istiqamətlərə və fəaliyyət sahələrinə nəzər salsaq, istər siyasətdə, istər iqtisadiyyatda, istərsə də mədəni-humanitar sahədə inkişafın getdiyini görürük. Ticarət dövriyyəmiz də çox sürətlə artır. İxrac-idxal müqavilələri, investisiyalar üzrə hazırda çoxlu layihələr mövcuddur”, – deyə səfir bildirib.
B.Aşrafxanov qeyd edib ki, mühüm layihələr yalnız Özbəkistanda deyil, Azərbaycanda da həyata keçirilir.
“Özbəkistan şirkətləri Azərbaycana investisiya yatırırlar, azərbaycanlı investorlar isə hər ötən gün Özbəkistan bazarına daha böyük maraq göstərirlər. Burada çoxlu imkanlar var. Hazırda investorların gəlib sərmayə yatırmaları üçün çox geniş imkanlar yaradılır”, – deyə o əlavə edib.
Səfir Qarabağa hazırkı səfərinin sayca 13-cü olduğunu bildirib.
“Bu, mənim 13-cü səfərimdir. Qarabağda dəfələrlə olmuşam. Həmçinin Azərbaycan və Özbəkistan arasında ikitərəfli tədbirlər çərçivəsində, eləcə də çoxtərəfli tədbirlərdə iştirak etmək məqsədilə bura səfərlər etmişəm. Bildiyiniz kimi, beynəlxalq forum və konfranslar təkcə Azərbaycanın paytaxtı Bakıda deyil, regionlarda da keçirilir. Biz Şuşada, Xankəndidə olmuşuq və burada keçirilən bir çox çoxtərəfli tədbirlərdə iştirak etmişik”, – deyə B.Aşrafxanov bildirib.
O, belə səfərlərin diplomatik korpus nümayəndələrinə Qarabağda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərini yaxından izləmək imkanı verdiyini vurğulayıb.
“Belə səfərlərin təşkilinə görə Azərbaycan Xarici İşlər Nazirliyinə hər zaman təşəkkür edirik. Çünki bunun sayəsində həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərini və müsbət dəyişiklikləri öz gözlərimizlə görmək imkanımız olur.
Dəyişikliklər yalnız Qarabağın yenidən qurulması və bərpası ilə məhdudlaşmır. Burada yeni iş yerlərinin, biznes mərkəzlərinin yaradıldığını, iqtisadi fəaliyyət üçün yeni imkanların formalaşdırıldığını da görürük”, – deyə səfir qeyd edib.
B.Aşrafxanov Özbəkistanın Qarabağın bərpasında fəal iştirak etdiyini də diqqətə çatdırıb.
“Özbəkistan Qarabağın bərpasında çox fəal iştirak edir. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə məktəb tikilib. Eyni zamanda, Xankəndidə fəaliyyət göstərən Özbəkistanın tekstil şirkətləri də var.
Hazırda investorlarımız Qarabağda fəaliyyət göstərmək, sərmayə yatırmaq və yeni layihələri nəzərdən keçirmək üçün yeni imkanlar axtarırlar”, – deyə o bildirib.
Qarabağdakı tarixi və mədəni irsin vəziyyətindən danışan səfir Azərbaycanın bu irsin bərpasına və qorunmasına böyük diqqət yetirdiyini vurğulayıb.
“Biz Qarabağın bir çox yerlərində olmuşuq. Getdiyimiz hər yerdə Azərbaycan hökumətinin tarixi və mədəni irsin qorunmasına böyük diqqət göstərdiyini görürük.
Məsələn, Xankəndidə çoxsaylı tarixi, dini və mədəni məkanları gördük. Şuşada da olmuşuq. Şuşa Qarabağın ürəyidir. Biz burada yalnız yeni yaradılan obyektləri deyil, eyni zamanda köhnə və tarixi məkanların bərpasını da gördük”, – deyə B.Aşrafxanov bildirib.
Səfir Qarabağ Universitetinin onda xüsusi təəssürat yaratdığını qeyd edib.
“Qarabağ Universitetində iki dəfə olmuşam. Görürəm ki, bu universitet Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Çünki yolların, məktəblərin və evlərin tikilməsi bir məsələdir, yeni alim və mütəxəssis nəslinin yetişdirilməsi isə başqa və son dərəcə mühüm məsələdir. Bu, Azərbaycanın öz gələcəyinə böyük diqqət yetirdiyini göstərir.
Xankəndidə gənclər üçün böyük imkanlar yaradılıb, universitet üçün yeni binalar inşa edilib. Görürük ki, gənclər Qarabağın inkişafında çox fəal iştirak edirlər”, – deyə B.Aşrafxanov bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.