Bakı.Trend:
Transsərhəd bağlantı, o cümlədən Orta dəhlizin inkişafı Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.
Bu barədə AİİB-nin baş iqtisadçısı Konor Barri Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Bizim və hökumət üçün əsas istiqamətlər nəqliyyat və transsərhəd bağlantı, Orta dəhliz, təchizat zəncirlərinin dayanıqlılığının artırılması, həmçinin Azərbaycanın Asiya ilə Avropa, eləcə də Asiyanın müxtəlif regionları arasında bağlantının təmin edilməsində roludur. Azərbaycanda iqlim dayanıqlığının artırılması, ölkənin “yaşıl” maliyyələşdirmə və bərpaolunan enerji sahəsində rolunun gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır”, - deyə Barri qeyd edib.
O vurğulayıb ki, Orta dəhliz təkcə Azərbaycan üçün deyil, bütün region üçün xüsusi əhəmiyyətə malikdir.
“Bu, xüsusilə hazırda üzləşdiyimiz mürəkkəb geosiyasi vəziyyət şəraitində fəaliyyətimizin əsas elementlərindən biridir. Çoxtərəfli institut olaraq biz həm nəqliyyat infrastrukturu, həm də enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verən təşkilat kimi rol oynamağı vacib hesab edirik”, - deyə AİİB nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Azərbaycan və qonşu ölkələr arasında “yaşıl” elektrik enerjisi bazarının yaradılması bankın iştirak etməkdə maraqlı olduğu mühüm təşəbbüsdür.
O əlavə edib ki, AİİB fəaliyyətində müştəriyönümlü yanaşmanı rəhbər tutur.
“Biz Azərbaycana AİİB olaraq əvvəlcədən müəyyən edilmiş prioritetlərlə gəlmirik. Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində, ölkə əhalisi üçün həyata keçirməyə çalışdığı məqsədlərdən çıxış edərək fəaliyyət göstəririk. Biz bu məqsədləri ümumi strategiyalarımız və fikrimizcə, infrastruktur üçün mühüm olan istiqamətlərlə, o cümlədən transsərhəd bağlantı, “yaşıl” infrastruktur və rəqəmsal həllərə əsaslanan infrastrukturla uzlaşdırmağa çalışırıq”, - deyə Barri qeyd edib.
Onun sözlərinə görə, əməkdaşlığın istiqamətləri ilk növbədə AİİB-nin konkret dövlət üçün hansı layihələri uyğun hesab etməsi ilə deyil, Azərbaycan hökumətinin ölkə daxilində inkişaf üçün prioritet hesab etdiyi infrastruktur sahələri ilə müəyyənləşdirilir.
AİİB-nin iqlim maliyyələşdirmə strategiyası və Azərbaycan üçün açılan imkanlar
O qeyd edib ki, AİİB-nin iqlim maliyyələşdirməsi müxtəlif sektorların geniş spektrini əhatə edir.
“Söhbət ayrıca bir layihədən getmir. Ümumi korporativ strategiyamız investisiyalarımızın ümumi həcmində iqlim maliyyələşdirməsinin payını 50 faizdən yuxarı çatdırmaqdan ibarətdir. Biz artıq bu göstəricini əhəmiyyətli dərəcədə aşmışıq və hazırda 70 faizə çatmağa can atırıq. Bizim üçün növbəti mərhələ təkcə kəmiyyət baxımından artımı deyil, həm də keyfiyyət baxımından təsirin təmin edilməsini, eləcə də iqlim dayanıqlığının artırılmasını nəzərdə tutur”, - deyə Barri bildirib.
Onun sözlərinə görə, ölkələrin iqlim risklərinə qarşı dayanıqlığının artırılması yalnız karbonsuzlaşdırma ilə müqayisədə daha mürəkkəb vəzifədir, çünki bu, geniş sektorlar spektrini və dövlətlərdə artıq mövcud olan müxtəlif həssaslıq aspektlərini əhatə edir.
“Ölkələrlə tərəfdaşlığımızın əsas hissəsi onların iqlim risklərinə məruz qalma səviyyəsinin müəyyənləşdirilməsi, mövcud təhdidlərin və həssas sahələrin aşkarlanması, eləcə də infrastrukturun bu problemlərin həllinə hansı şəkildə kömək edə biləcəyinin müəyyən edilməsidir”, - deyə o əlavə edib.
AİİB-nin baş iqtisadçısı bildirib ki, bank artıq bərpaolunan enerji sahəsində, xüsusilə Azərbaycanda iri həcmli günəş enerjisi layihələri də daxil olmaqla, bir sıra layihələr həyata keçirib.
“Biz hesab edirik ki, bu istiqamət özəl investisiyalar üçün imkanlar açmaqda davam edəcək. Məqsədimiz daha böyük həcmdə özəl kapital cəlb etməkdir ki, ölkə yalnız öz resurslarına və bizim maliyyələşdirməmizə güvənməsin, eyni zamanda biz həm daxili, həm də beynəlxalq əlavə özəl investisiyaların bərpaolunan enerjiyə və elektrik mobilliyinə cəlb olunması üçün multiplikator rolunda çıxış edək”, - deyə Barri vurğulayıb.
Çoxillik investisiya proqramının hazırlanması
Barri qeyd edib ki, ümumilikdə AİİB-nin ölkələrlə əməkdaşlıq proqramlarının hazırlanmasına yanaşması dövlətlərlə tərəfdaşlığa əsaslanır.
“Biz bu məsələ ilə bağlı razılaşmanın əldə olunması üçün sərt müddətlər və ya zaman çərçivələri müəyyən etmirik. Ölkəyə investisiya yatırmaq üçün çoxillik və daim yenilənən iş proqramının mövcud olması bizim üçün zəruri deyil. Biz belə bir proqram olmadan artıq 10 ildən çoxdur ki, Azərbaycana investisiya yatırırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, belə bir proqramın hazırlanması hər iki tərəfə əməkdaşlığın prioritet istiqamətləri ilə bağlı daha aydın təsəvvür əldə etməyə imkan verəcək, lakin bu, yalnız proqramda sadalanan layihələrlə məhdudlaşma demək olmayacaq.
“Biz çoxillik proqramı razılaşdırdığımızı və daha digər istiqamətləri maliyyələşdirmədiyimizi dedikdə, bu, sabit son nöqtə olduğu anlamına gəlmir. Belə proqramların artıq razılaşdırıldığı digər ölkələrdəki çoxillik planlarımıza nəzər salsaq, görərik ki, hökumətin prioritetləri dəyişdikdə, yeni çağırışlar yarandıqda və ya yeni layihənin maliyyələşdirilməsinə ehtiyac olduqda, həmin layihələr də proqrama daxil edilir”, - deyə AİİB nümayəndəsi qeyd edib.
O vurğulayıb ki, belə proqramlar bankın konkret ölkədə maliyyələşdirə biləcəyi layihələrin tam siyahısı kimi nəzərdən keçirilmir.
“Bu baxımdan, belə bir proqramın razılaşdırılması və yekun müddətin müəyyən edilməsi ən mühüm aspekt deyil. Bu, daha çox bankın və ölkənin qarşıdakı illərdə inkişaf etdirmək niyyətində olduğu əməkdaşlığın səviyyəsinə dair siqnaldır”, - deyə Barri yekunlaşdırıb.