Bakı. Trend:
COP31 konfransı verilmiş iqlim öhdəliklərinin yerinə yetirilməsinə, insanlara real faydaların təmin edilməsinə və xüsusilə iqlim dəyişikliyinin təsirlərinin ön cəbhəsində olan ölkələrə diqqət yetirilməsinə yönələcək.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Avstraliyanın COP31 danışıqlar üzrə Prezidentinin müavini David Higgins Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Avstraliya il ərzində Türkiyənin nümayəndələri ilə sıx əməkdaşlıq edərək etimad, əməkdaşlıq və dostluq üzərində qurulan güclü tərəfdaşlıq yaradıb.
“Bu dəyərlər cəmi iki ay sonra Antalyada keçiriləcək COP31 üçün möhkəm təməl olacaq”, - deyə D.Higgins qeyd edib.
Onun sözlərinə görə, builki COP geosiyasi gərginliklər, enerji bazarlarında qeyri-sabitlik və qlobal qeyri-müəyyənliklər fonunda keçirilir.
“Çoxtərəflilik uzun müddətdir ki, bu dərəcədə sınağa çəkilməmişdi. Bu gün tamamilə aydındır ki, beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər böyük əhəmiyyət kəsb etməyib”, - deyə o vurğulayıb.
D.Higgins bildirib ki, Aralıq dənizindən Sakit okeana qədər uzanan COP31 tərəfdaşlığı iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm imkan yaradır.
“COP31 sədrlik və danışıqlar qrupu olaraq biz şəffaf, inklüziv və əməkdaşlığa söykənən bir sədrlik həyata keçirəcəyik. Praktiki nəticələr əldə etmək üçün hər bir tərəfi dinləyəcək, təcrübələrinizi nəzərə alacaq və qarşılıqlı təşəbbüsləri dəstəkləyəcəyik”, - deyə o bildirib.
Avstraliyalı nümayəndə COP31-in “reallaşma və icra COP-u” olacağını qeyd edib.
“Biz artıq verilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək, insanlara real faydalar vermək və xüsusilə iqlim dəyişikliyinin ön cəbhəsində olanlara diqqət yetirmək istəyirik. Bunun bir hissəsi olaraq, həqiqi qlobal enerji keçidini dəstəkləyən prioritetlər ətrafında dünyanı birləşdirmək üçün Türkiyə ilə COP sədri kimi sıx çalışırıq”, - D.Higgins deyib.
O, təmiz enerji ilə təmin olunan, müasir elektrik şəbəkələri və batareyalarla dəstəklənən iqtisadiyyatların davamlı həll yolu kimi önə çıxdığını bildirib.
“Elektrifikasiya emissiyaları azaltmağın, enerji təhlükəsizliyini dəstəkləməyin və iqtisadi imkanları artırmağın ən praktiki yollarından biridir. Şübhəsiz ki, elektrifikasiya bu COP-un əsas mövzularından birinə çevrilib və biz bu dinamikanın Antalyada güclü nəticələrə çevrilməsini təmin edəcəyik”, - deyə o vurğulayıb.
D.Higgins COP31-in iqlim maliyyəsinə çıxışın yaxşılaşdırılması üçün də mühüm imkan yaratdığını diqqətə çatdırıb.
“Bunun üçün biz COP31-dəki liderlik rolumuzdan iqlim maliyyəsi strukturunu daha sadə, daha sürətli və daha ədalətli etmək üçün konsensus yaratmaq məqsədilə istifadə edirik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, mövcud iqlim maliyyəsi sistemi kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş ölkələrin ehtiyacları nəzərə alınmaqla formalaşdırılmayıb.
“Uzun təsdiqləmə prosesləri, yüksək əməliyyat xərcləri, mürəkkəb məlumat tələbləri və parçalanmış maliyyələşdirmə mexanizmləri ölkələrin iqlimə davamlılıq yaratmasına mane olur”, - deyə D.Higgins bildirib.
O qeyd edib ki, Sakit okean ada dövlətləri dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələri, ərzaq və su təhlükəsizliyinə təhdidlər kimi ciddi problemlərlə üzləşirlər.
D.Higgins bildirib ki, COP31 çərçivəsində Sakit okean regionunun prioritetlərinə xüsusi diqqət yetiriləcək. Bu prioritetlərə 1,5°C hədəfinin əlçatan saxlanılması, okean-iqlim əlaqəsinin gücləndirilməsi, Sakit okean xalqlarının səsinin daha çox eşidilməsi və maliyyəyə çıxışın yaxşılaşdırılması daxildir.
“Çoxtərəfliliyə inamın sınağa çəkildiyi bir vaxtda ən güclü vasitəmiz kollektiv fəaliyyətdir. İqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji keçidinin imkanlarından yararlanmaq üçün bir araya gəlməyə davam etməliyik”, - deyə o əlavə edib.
D.Higgins çıxışının sonunda Azərbaycanın və Braziliyanın son iki COP konfransındakı liderliyini və fəaliyyətini yüksək qiymətləndirib.
“COP31-də bu güclü irsi daha da inkişaf etdirmək üçün Türkiyə ilə işləməyi səbirsizliklə gözləyirik”, - deyə o bildirib.