Xocalı. Trend:
Əməyin Mühafizəsi Mərkəzi 2026-cı ildə Qarabağda 73 maarifləndirmə tədbiri keçirib.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini Rüfət Rüstəmov deyib.
O bildirib ki, Əməyin Mühafizəsi Mərkəzinin yaradılmasında əsas məqsəd iş yerlərinin attestasiyasının aparılması, əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə əməyin mühafizəsi qaydaları ilə bağlı tədbirlərin görülməsi və maarifləndirmə tədbirlərinin keçirilməsidir.
"Biz artıq 3 ildən artıqdır fəaliyyət göstəririk və Qarabağda dəfələrlə maarifləndirmə tədbirləri keçirmişik. 2026-cı ildə 73 belə maarifləndirmə tədbiri keçirilib. 230-dan artıq işəgötürən və 3000-dən artıq işçi bu tədbirlərdə iştirak edib”, - deyə R.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, Xocalıda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə kimi seçilib.
“Bu gün Xocalıda arzuladığımız yerdə, “Qarabağ Tekstil Evi” kimi müəssisədəyik. Bizim “Nümunəvi müəssisə” adlı layihəmiz var. “Qarabağ Tekstili”ni Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında nümunəvi müəssisə statusuna seçmişik. Burada əməyin mühafizəsi qaydalarına riayət olunması və sağlam iş şəraitinin yaradılması üçün birlikdə müxtəlif fəaliyyətlər həyata keçirmişik. Bundan sonra da bu istiqamətdə işlər görəcəyik”, - deyə o bildirib.
R.Rüstəmov qeyd edib ki, nümunəvi müəssisələrin seçilməsi zamanı həmin müəssisələrdə əməyin mühafizəsi və sağlam iş şəraitinin təmin olunması istiqamətində görülən tədbirlər əsas götürülür.
“Bu gün burada da birlikdə baxdıq və əməyin mühafizəsi ilə bağlı tədbirlərin görüldüyünün şahidi olduq. Bundan başqa, Qarabağda daha bir şirkət nümunəvi müəssisə kimi seçilib. Bundan sonra həmin müəssisəyə gedəcəyik. Əmək müfəttişliyi olaraq bu istiqamətdə işimizi davam etdirəcəyik”, - deyə R.Rüstəmov əlavə edib.