Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatında bütün bitkilər üzrə stress səviyyəsinin süni intellekt vasitəsilə müəyyənləşdirilməsi planlaşdırılır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Süni intellekt layihələri şöbəsinin rəhbəri Surxay Novruzov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW 2026) ikinci günündə bildirib.
Onun sözlərinə görə, hazırda buğda və pambıq əkinlərində bitkilərin stress səviyyəsini müəyyənləşdirmək mümkündür.
“Bu ilin aprel ayından etibarən nazirliyə ölkədə buğda əkinlərinin stress səviyyəsi ilə bağlı məlumatlar təqdim etməyə başladıq. Yüksək və aşağı stress səviyyələrini müəyyənləşdirə bilirik. Hazırda bu imkan pambıq üçün də mövcuddur və yaxın zamanda bütün bitkilər üzrə tətbiq ediləcək”, - deyə S.Novruzov qeyd edib.
Şöbə rəhbəri bildirib ki, süni intellekt kənd təsərrüfatında suvarmanın aşkarlanması üçün də istifadə olunur: "Hazırlanan model vasitəsilə əkin sahələrinə suyun çatıb-çatmadığını müəyyənləşdirmək mümkündür. Modelin dəqiqliyi təxminən 82 faizdir".
O qeyd edib ki, fermerlər evapotranspirasiya, bitkilərin su stressi və digər göstəricilərlə bağlı məlumatları “Telegram” vasitəsilə də əldə edə bilirlər.
S.Novruzov həmçinin bildirib ki, zərərvericilər və xəstəliklərlə bağlı xəbərdarlıq sistemi tətbiq edilir. Hazırda sistem 16 xəstəlik və zərərvericini müəyyənləşdirə bilir və fermerlər hər gün səhər saat 07:00-da “Telegram” vasitəsilə növbəti üç gün üzrə proqnozlar əldə edirlər.
Onun sözlərinə görə, süni intellekt vasitəsilə iqlimə uyğun bitki növlərinin müəyyənləşdirilməsi və otlaq sahələrinin vəziyyətinin qiymətləndirilməsi üzrə də modellər hazırlanıb. Şöbə müdiri əlavə edib ki, bu texnologiyalar fermer təsərrüfatlarına fiziki səfər etmədən əkin və otlaq sahələrinin vəziyyətini qiymətləndirməyə imkan verir.