Bakı. Trend:
Azərbaycanda enerji effektivliyi və istilik mühafizəsi tələb olunan binalarla bağlı təqdim edilən layihələrin təxminən 90 faizində müvafiq tələblər təmin olunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin baş mütəxəssisi Nurəddin Qəmbərov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” adlı dəyirmi masada deyib.
O bildirib ki, binaların enerji effektivliyinin təmin olunmasında beş əsas istiqamət xüsusi əhəmiyyət daşıyır.
“Binaların xarici konstruksiyalarının istilikötürmə müqavimətinin normadan az olmaması, binaların istilik enerjisi sərfinin normadan çox olmaması, enerji effektivliyi sinfinin normaya uyğunluğu, qoruyucu konstruksiyaların hava nüfuzetmə qabiliyyəti və nəmlənmədən mühafizəsi əsas məsələlərdir. Bu gün norma ilə enerji effektivliyi və istilik mühafizəsi tələb olunan binalarla bağlı təqdim edilən layihələrin demək olar ki, 90 faizində bu tələblər Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin olunur”, – deyə N.Qəmbərov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, layihələrdə karbon emissiyalarının azaldılması məqsədilə ventilyasiya və istilik sistemlərinin, tənzimləyicilərin, rekuperatorların, eləcə də LED lampaların istifadəsi ciddi şəkildə yoxlanılır və müvafiq tələblərin yerinə yetirilməsi təmin edilir.
Onun sözlərinə görə, Ağdamda həyata keçirilən layihələrdə və tikinti işlərində işıqlandırma üçün əsasən LED lampalardan istifadə olunur.
N.Qəmbərov əlavə edib ki, enerji effektivliyi tələblərinin yalnız layihələndirmə mərhələsində nəzərə alınması ilə kifayətlənilmir. Tikinti zamanı və obyektlərin təhvil verilməsi mərhələsində də layihədə nəzərdə tutulan enerji effektivliyi tədbirlərinin icrasına nəzarət edilir.
O, həmçinin bildirib ki, Yaşıl Enerji Zonası konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə günəş panelləri və günəş kollektorlarının quraşdırılması nəzərə alınır. Bu avadanlıqların dərhal quraşdırılmadığı layihələrdə belə, gələcəkdə onların quraşdırılmasına imkan verəcək texniki həllərin təmin olunması tələb edilir.
“Damların konstruksiyasının elə nəzərdə tutulmasını tələb edirik ki, gələcəkdə günəş panelləri və kollektorlarının quraşdırılması mümkün olsun”, – deyə FHN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir.
İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.