Bakı. Trend:
Yunanıstanın Tanagra Hava Bazasında keçirilən aviaşou zamanı “Phantom” tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Yunanıstan mətbuatının məlumatına görə, nümayişdə iştirak edən iki nəfərlik “Phantom” tipli təyyarə hələlik müəyyən edilməyən səbəbdən eniş etməsinə az müddət qalmış qəzaya uğrayıb.
Qeyd olunub ki, qəza nümayişi yüzlərlə insanın yaxından izlədiyi vaxt baş verib. Təyyarənin uçuş-enmə zolağının yaxınlığında yenidən hündürlük qazanmağa çalışarkən qəzaya uğradığı bildirilib.
Qəzadan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və tibbi yardım qrupları cəlb olunub.
Təyyarədə olan pilotların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Qəza zamanı pilotların katapult etdiklərini göstərən hər hansı görüntünün aşkarlanmadığı bildirilib.