Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-nin "Comstock Resources" şirkəti ilə ABŞ-dəki qaz aktivlərində payların əldə edilməsi barədə imzaladığı saziş Azərbaycan şirkəti üçün əlamətdar və böyük perspektivlər vəd edən addımdır.
Bunu iqtisadçı ekspert İnqlab Əhmədov Trend-ə açıqlamasında deyib.
“Xəbərin özü müsbət xarakter daşıyır və böyük vədlər verir. Bu, SOCAR-ın fəaliyyətinin tədricən genişlənməsinin nümunələrindən biridir. Şirkət artıq təkcə "Downstream" deyil, həm də "Upstream" sektorunda iştirakını genişləndirir. Həm də söhbət Xəzər dənizinin, Azərbaycanın və ümumilikdə regionun sahillərindən uzaqda yerləşən coğrafiyadan gedir. SOCAR-ın fəaliyyət coğrafiyasının genişlənməsi və bu kimi tərəfdaşlıq layihələrinin sayının artması şirkətə uzunmüddətli faydalar gətirə, onun fəaliyyət coğrafiyasını, müqavilə və layihələrinin siyahısını daha da genişləndirə bilər”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, SOCAR "Comstock" şirkətinin aktivlərində 20 faizlik pay əldə edir ki, bu da həmin aktivlərin dəyəri və layihənin gələcək gəlirliliyi nəzərə alınmaqla konkret fayda əldə etməyə imkan verir:
"“Western Haynesville" layihəsində SOCAR 15 faizlik pay əldə edir. Bu pay həmin aktivlərə yatırılan investisiyaların 15 faizlik gəlirliliyi təmin edildikdən sonra 7,5 faizə qədər azaldılacaq”.
O vurğulayıb ki, sövdələşmə SOCAR üçün qeyri-standart xarakter daşıyır. Belə ki, söhbət əsasən şist qazından və tamamilə fərqli coğrafiya olan ABŞ-dən gedir. Ekspertin fikrincə, dünya karbohidrogen bazarında baş verən proseslər ABŞ qaz bazarının cəlbediciliyinin artmasına şərait yaradır.
“Hazırda dünya karbohidrogen bazarında, Yaxın Şərqdə, eləcə də Avropa və ümumilikdə Avrasiya regionunda marşrutlarla bağlı baş verən dəyişikliklər nəzərə alınmaqla, ABŞ qaz bazarı qlobal yanacaq bazarında tarazlığın təmin edilməsində təkcə əsas amillərdən birinə deyil, həm də həlledici faktora çevrilir.
Yeni bazara daxil olmaq, bir qayda olaraq, ilk addımdır və adətən bunun ardınca ABŞ regionundakı digər layihələrdə tərəfdaşlığın genişləndirilməsi gəlir”, - deyə o bildirib.
İ.Əhmədovun sözlərinə görə, bu, SOCAR üçün yeni istiqamətdir, çünki şirkətin əvvəllər LNG sahəsində belə bir təcrübəsi olmayıb:
“Avrasiya regionunda, eləcə də Yaxın Şərqdə marşrutlarla bağlı baş verən hadisələr nəzərə alınmaqla, bu istiqamət çox perspektivli olur”.
O əlavə edib ki, ABŞ layihələrində iştirak SOCAR-ın beynəlxalq mövqeyinə müsbət təsir göstərə bilər:
“SOCAR-ın müxtəlif regionlarda və coğrafiyalarda fəaliyyət göstərən, şaxələndirilmiş portfelə malik şirkət kimi özünü ciddi şəkildə beynəlxalq arenada tanıtması üçün məhz belə bir addıma ehtiyacı var idi”.
Ekspert SOCAR-ın ABŞ qaz aktivlərinə və "Comstock" şirkətinin Haynesville və Western Haynesville yataqlarının işlənməsi sahəsindəki təcrübəsinə çıxış əldə etməsinin əhəmiyyətindən danışarkən bildirib ki, hazırkı sövdələşməni gələcək inkişafın başlanğıcı hesab edir:
"Bu, yalnız başlanğıcdır, çünki hazırkı bazar konyunkturası Azərbaycan və Qazaxıstan kimi inkişaf etməkdə olan ölkələrin və şirkətlərin xeyrinə işləyir. Dünya konyunkturası da buna şərait yaradır "Comstock" şirkəti özlüyündə elə də böyük şirkət deyil. Onun kapitallaşması təxminən 4 milyard dollar və ya bir qədər çoxdur. Lakin bu məsələdə əsas olan bazara daxil olmaqdır”.
Onun sözlərinə görə, şirkət tədricən beynəlxalq bazarda daha sanballı mövqe tuta və zəruri təcrübə əldə edə bilər:
“Biz tədricən şirkətin daha sanballı qüvvəyə çevrildiyini və dünya nəhəngləri sırasında beynəlxalq idarəetmə prinsiplərinə əməl etməli, daha çevik və fəal davranmalı, həmçinin tədricən təcrübə toplamalı olan şirkətlər qrupuna daxil olduğunu görəcəyik. Çünki bu işdə əsas məsələ təcrübədir”, - deyə ekspert qeyd edib.
“Yeni neft erasının başlanğıcında, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və digər yataqlarımızın işlənməsinə başlanarkən, dünya bazarında belə mürəkkəb yataqlarda fəaliyyət göstərə bilən transmilli şirkətlərin, neft-qaz nəhənglərinin sayı çox az idi. Həmin dövrdə SOCAR və "KazMunayGas" kimi şirkətlər əsasən ikinci dərəcəli tərəfdaş rolunda çıxış edir və daha çox dünya neft-qaz nəhənglərinə dəstək göstərirdilər”, - deyə İ.Əhmədov vurğulayıb.
O hesab edir ki, hazırda şirkətlərimiz üçün dünya bazarındakı qüvvələr balansını tədricən dəyişmək imkanı yaranır:
“Hazırda, məncə, tədricən həmin rubikonu keçmək üçün real şans yaranır və SOCAR və "KazMunayGas" kimi şirkətlər oyunun gedişini dəyişə bilərlər. Müasir idarəetmə ideyalarının və texnologiyalarının tətbiqi, eləcə də səmərəli fəaliyyətin nümayiş etdirilməsi şirkətlərimizin uğurunun açarıdır. Dünya enerji bazarında rəqabətin güclənməsi də buna şərait yaradır”.