Bakı. Trend:
Azərbaycan Respublikası hökuməti adından Tacikistan Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbriklərimi çatdırır, dost Tacikistan xalqına tərəqqi, rifah və əmin-amanlıq arzulayıram.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 4-də Bakıda Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Nazir bildirib ki, xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıqlar, eləcə də ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və ehtirama söykənən siyasi dialoq Azərbaycan və Tacikistan arasında strateji tərəfdaşlıq əlaqələrinin əsasını təşkil edir.
O qeyd edib ki, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Tacikistan Respublikasının Prezidenti İmoməli Rəhmonun 2024-cü ildə Azərbaycan Respublikasına, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin isə 2023-cü ildə Tacikistan Respublikasına səfərləri xüsusi əlamətdar hadisələr kimi qeyd olunmalıdır.
R.Nəbiyevin sözlərinə görə, siyasi münasibətlər yüksək səviyyəli iqtisadi əməkdaşlığın inkişafına da müsbət təsirini göstərir:
"Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 84% artıb, bu artım tendensiyası cari ildə də davam edib. Belə ki, bu ilin 7 ayında ticarət dövriyyəsində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 31% artım müşahidə olunub".
Nazir vurğulayıb ki, eyni zamanda, nəqliyyat və logistika sahəsində də əməkdaşlıq ilbəil genişlənir:
"2025-ci ildə Tacikistan ilə Azərbaycan arasında tranzit daşımalarının həcmi 50%, bu ilin 8 ayında isə 17% artıb".
Onun sözlərinə görə, nəqliyyat sahəsindəki əməkdaşlıq paralel olaraq rəqəmsal inkişaf istiqamətində də genişlənib. Hazırda Azərkosmos Tacikistanın bir çox şirkətlərinə peyk xidmətləri göstərir.
R.Nəbiyev qeyd edib ki, iqtisadiyyat və nəqliyyat sahəsində bu nailiyyətlərlə yanaşı, ölkələrimiz arasında mədəni və turizm əlaqələri də uğurla inkişaf edir:
"2024-cü ildə Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri, 2025-ci ildə isə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri uğurla keçirilib. Ötən il Tacikistandan Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb. Eyni tendensiya bu il də müşahidə olunur. Turizm əlaqələrinin genişlənməsinə birbaşa uçuşlar da öz töhfəsini verib. Hazırda Azərbaycan Hava Yolları tərəfindən Bakı ilə Düşənbə arasında həftədə 4 dəfə olmaqla müntəzəm reyslər həyata keçirilir".
Sonda R.Nəbiyev Azərbaycan-Tacikistan arasında əlaqələrin bundan da sonra inkişaf edəcəyinə əminliyini qeyd edərək, qardaş Tacikistan xalqını bir daha ürəkdən bu bayram münasibətilə təbrik edib, dost və qardaş xalqa firavanlıq və əmin-amanlıq arzulayıb.