Bakı. Trend:
Sakit okeanda eyni vaxtda iki güclü qasırğa və bir tropik fırtınanın müşahidə olunması nadir meteoroloji hadisəyə səbəb olub. ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, Louell və Karina qasırğaları qərbə doğru hərəkət edir, Mari tropik fırtınasının isə yaxın saatlarda qasırğaya çevriləcəyi gözlənilir.
Louell qasırğası ən yüksək – 5-ci kateqoriyaya çatıb, onun ardınca 4-cü kateqoriyalı Karina qasırğası gəlir. Hər iki qasırğanın Havay adalarının sahillərindən uzaq keçəcəyi proqnozlaşdırılır. Bununla belə, Louellin yaratdığı güclü dalğaların qarşıdakı günlərdə Havayın bəzi sahillərinə çatacağı və təhlükəli şərait yarada biləcəyi bildirilir.
Meksika sahillərindən bir neçə yüz kilometr aralıda yerləşən Mari tropik fırtınasının gün ərzində qasırğaya çevriləcəyi gözlənilir.
Miçiqan Universitetinin klimatoloqu Culiya Kouls bildirib ki, El-Ninyo nəticəsində okean sularının isinməsi isti sularla qidalanan bu cür fırtınaların yaranması üçün əlverişli şərait yaradır. Onun sözlərinə görə, eyni vaxtda üç fırtınanın müşahidə olunması olduqca nadir hadisədir.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, bu ilki El-Ninyo hadisəsinin indiyədək qeydə alınmış ən güclü El-Ninyo olmaq ehtimalı 69 faizdir. Fenomenin noyabr ayında pik həddə çatacağı gözlənilir.
El-Ninyo adətən iki ildən yeddi ilədək müddətdə bir dəfə baş verir və Sakit okeanın qərbində isti suları saxlayan şərq küləklərinin zəifləməsi nəticəsində yaranır. Bu zaman isti sular səthə qalxaraq şərqə doğru hərəkət edir.
Alimlərin fikrincə, iqlim dəyişmələri El-Ninyonun təsirlərini gücləndirir. Bununla belə, iqlim dəyişmələrinin El-Ninyo fenomeninin özünü gücləndirib-gücləndirmədiyi ilə bağlı elmi konsensus hələ formalaşmayıb.