Bakı. Trend:
“El-Nino” okean-atmosfer hadisəsinin yaxın aylarda güclənəcəyi və bunun planetin müxtəlif bölgələrində ekstremal isti hava şəraitinə, həmçinin quraqlıq və daşqın risklərinin artmasına səbəb olacağı gözlənilir.
Bu proqnozla BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) çıxış edib.
Yer kürəsinin iqlimi və hava şəraiti böyük ölçüdə “El-Nino” və “La-Ninya” (ispanca “oğlan” və “qız”) kimi tanınan iki iqlim hadisəsinin vəziyyətindən asılıdır. “El-Nino” Sakit okeanın mərkəzi və şərq hissələrində dəniz səthindəki suların qeyri-adi isinməsi, “La-Ninya” isə həmin ərazilərdə dəniz səthinin temperaturunun normadan aşağı düşməsi ilə xarakterizə olunur.
"“El-Nino" öz təsirini möhkəmləndirib və yaxın aylarda güclənəcək. Bu, yağıntı və temperatur rejimlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək, həmçinin daşqın, quraqlıq və ekstremal istilərin baş verməsi ilə bağlı müvafiq riskləri artıracaq”, – deyə ÜMT informasiya bülletenində qeyd edib.
Proqnozlara görə, “El-Nino”nun 2027-ci ilin fevralınadək davam etməsi ehtimalı “demək olar ki, 100 faizdir”. Bununla yanaşı, Sakit okeanın tropik zonasında müstəsna dərəcədə isti şərait hadisənin daha da güclənməsinə şərait yaradır. Yaxın aylarda “El-Nino”nun “çox yüksək intensivliyə” yüksələcəyi, hadisənin pik həddinə isə cari ilin sonunadək çatacağı gözlənilir.