Bakı. Trend:
Livan hökuməti İsrail qoşunlarının ölkənin bütün ərazisindən tamamilə çıxarılmasını təmin etmək üçün diplomatik səylərini səfərbər edib.
Bu barədə respublikanın Baş naziri Nəvaf Salam hökumətin iclasında çıxışı zamanı bildirib.
“Əhalimizin cənub bölgələrinə təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək məqsədilə (İsraillə) danışıqlar prosesini davam etdirəcəyik. Həmçinin münaqişə zamanı əsir götürülmüş bütün vətəndaşların azad edilməsinə və itkin düşənlərin taleyinin müəyyənləşdirilməsinə çalışacağıq”, – deyə siyasətçi vurğulayıb.
Daha əvvəl İsrail Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ras-ən-Nakurada bir əsiri Livan ordusuna təhvil verib. “Lebanon 24” xəbər portalının məlumatına görə, daha dörd livanlı axşama yaxın vətənə qaytarılacaq.
Onların azad edilməsi Livan və İsrail arasında ABŞ-nin himayəsi altında Vaşinqtonda iyunun 26-da imzalanmış çərçivə sazişində nəzərdə tutulub.