Bakı.Trend:
Almaniya Azərbaycanda “yaşıl” layihələr üçün 22 ilə qədər müddətə maliyyələşdirmə təklif edir.
Trend-in müxbiri xəbər verir ki, bunu Almaniyanın Afrika, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə anderrayter Annika Rixter-Raman “Azərbaycan: infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerji mənbələrindən enerji saxlama həlləri” mövzusunda keçirilən onlayn vebinar zamanı bildirib.
Onun sözlərinə görə, Almaniya tərəfi ixrac üzrə debitor borclarının ödənilməməsi riskindən, o cümlədən fərdi müqavilələr çərçivəsində müdafiə, həmçinin ixrac kreditləri, təchizatçı və alıcı kreditləri, eləcə də layihə maliyyələşdirilməsi üçün müxtəlif növ sığorta təminatı təqdim edir.
“Bərpa olunan enerji sahəsində layihə maliyyələşdirilməsi kifayət qədər aktualdır”, – o qeyd edib.
A.Rixter-Raman bildirib ki, Azərbaycan tərəfi alman ixracatçısından məhsul və ya avadanlıq aldıqda uzunmüddətli maliyyələşdirmə əldə edə bilər.
“Biz maksimum 15 ilədək maliyyələşdirmə müddəti təklif edirik. Bərpa olunan enerji sahəsindəki layihələrin əksəriyyətini əhatə edən “yaşıl” layihələr üçün isə ödəniş müddəti 22 ilədək çata bilər.
Əsas üstünlüklərdən biri Almaniya hökumətinin dəstəyi ilə təmin olunan və maliyyələşdirmə xərclərinin azaldılmasına imkan verən AAA reytinqidir. Almaniya həmçinin layihələrin strukturlaşdırılması, o cümlədən ilkin mərhələlərdə ekspert dəstəyi göstərir. Əgər siz layihənin strukturlaşdırılmasının ilkin mərhələsindəsinizsə və müxtəlif maliyyələşdirmə variantlarını nəzərdən keçirirsinizsə, biz müzakirələr aparmağa və təklifimizdən yararlana bilməyiniz üçün layihənin necə strukturlaşdırıla biləcəyini nəzərdən keçirməyə hazırıq”, – o bildirib.
Rixter-Raman Azərbaycan üçün sığorta təminatı şərtlərindən danışarkən bildirib ki, bu sahədə ölkə ilə bağlı siyasət kifayət qədər açıqdır.
“Bizdə limit yoxdur, buna görə də sığorta edə biləcəyimiz məbləğ baxımından faktiki olaraq heç bir məhdudiyyətimiz yoxdur. Qısamüddətli təminat üçün əlavə zəmanətlər tələb olunmur. Ortamüddətli və uzunmüddətli təminat üçün isə adətən bank zəmanəti və ya Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun hazırlanmış maliyyə hesabatı tələb olunur. Biz adətən IFRS üzrə maliyyə hesabatı tələb edirik. Əgər hesabat IFRS-ə yaxındırsa, yenə də bizə müraciət etməyə dəyər və istisnanın mümkün olub-olmadığını nəzərdən keçirə bilərik. Bu, hər bir konkret halda ayrıca qiymətləndirilir”, – o deyib.
Rixter-Ramanın sözlərinə görə, adi layihələr çərçivəsində dəstək almaq üçün müqavilədə alman ixracatçısı iştirak etməli, həmçinin məhsul və ya xidmətlərin əhəmiyyətli hissəsi Almaniya mənşəli olmalıdır.
“Bütün adi müqavilələr üzrə adətən tələb edirik ki, müqavilənin azı 51 faizi Almaniya mənşəli olsun. “Yaşıl” müqavilələr üçün minimum tələb 30 faizdir”, – o bildirib.
O həmçinin qeyd edib ki, Almaniya tərəfi layihəni qiymətləndirərkən yalnız onun dəstək tələblərinə uyğunluğunu deyil, həm də risklərin əsaslandırılmışlığını təhlil edir. Xüsusilə, adətən alıcının son üç il üzrə maliyyə hesabatları nəzərdən keçirilir.
“Layihə maliyyələşdirilməsi halında bu, həmçinin offtake müqavilələrini də əhatə edəcək”, – o əlavə edib.
Annika Rixter-Raman “yaşıl” layihələr üçün genişləndirilmiş təminat şərtləri barədə də danışıb.
“Belə layihələr üçün daha uzunmüddətli maliyyələşdirmə – 22 ilədək müddət nəzərdə tutulur və Almaniya mənşəli komponentlərlə bağlı tələblər daha çevikdir.
Müqaviləyə 70 faizədək xarici mənşəli komponent daxil edilə bilər. Bu hissə də ümumi layihə çərçivəsində maliyyələşdirilə bilər. Bu, məsələn, layihəyə yerli xərclərin və günəş enerjisi sahəsində əlavə tədarüklərin daxil edilməsi zamanı aktual ola bilər. Ötən il ümumi məbləği 13 milyard avro olan layihələr üçün yeni sığorta təminatı təqdim edilib. Həmin il biz 138 ölkədə layihələri dəstəkləmişik. Portfelimizin 76 faizi inkişaf etməkdə olan bazarların payına düşüb”, – o deyib.
Onun sözlərinə görə, ötən il bərpa olunan enerji sahəsində yeni layihələr üçün ümumi məbləği 2,2 milyard avro olan sığorta təminatı da təqdim edilib.
“Əsasən söhbət külək və günəş enerjisi, eləcə də enerji saxlama sistemləri sahəsindəki layihələrdən gedirdi”, – o bildirib.
O əlavə edib ki, Almaniya tərəfi daha əvvəl Azərbaycanda külək və digər bərpa olunan enerji layihələri üçün sığorta təminatı təqdim edib.