Bakı.Trend:
Azərbaycan 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının beşinci milli prioriteti çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində iş aparır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) hidrogen və “yaşıl” texnologiyalar şöbəsinin rəhbəri Fuad Müştaqov “Azərbaycan: infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan mənbələrdən əldə edilən enerjinin saxlanılması üçün həllər” mövzusunda keçirilən onlayn vebinarda deyib.
Onun sözlərinə görə, bu istiqamət çərçivəsində bərpa olunan enerji infrastrukturu sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı, həmçinin dənizdə külək enerjisi potensialının mənimsənilməsi nəzərdə tutulur.
“Digər mühüm istiqamət bərpa olunan enerji resursları üzrə informasiya sisteminin hazırlanmasıdır. Həmçinin bioenerji və “yaşıl” geotermal enerji potensialını araşdırırıq. Bərpa olunan enerjinin inkişafı infrastrukturun və elektrik şəbəkəsinin inkişafı ilə sıx bağlıdır. Beşinci milli prioritet ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini və digər “yaşıl” texnologiyaları da əhatə edir. Xüsusilə, elektromobillik üzrə Milli Planın hazırlanması istiqamətində iş aparılır.
Biz həmçinin hidrogen istehsalı və onun müxtəlif sektorlarda istifadəsi potensialını araşdırırıq. Digər mühüm istiqamət enerjinin saxlanılmasıdır. Enerji saxlama sistemləri bərpa olunan enerjinin dəyişkən xarakterinin idarə olunmasına kömək edə bilər”, - deyə o qeyd edib.
F.Müştaqov bildirib ki, bundan əlavə, Azərbaycan enerji sektorunda karbonun tutulması, istifadəsi və saxlanılması (CCUS) texnologiyalarının tətbiqi imkanlarını araşdırır.
“Beləliklə, bizim yanaşmamız yalnız bərpa olunan elektrik enerjisi ilə məhdudlaşmır. Biz daha geniş “yaşıl” enerji sistemlərini də nəzərdən keçiririk.
Azərbaycan quruda və dənizdəki resurslar da daxil olmaqla, əhəmiyyətli bərpa olunan enerji potensialına malikdir. Qarabağda, Şərqi Zəngəzurda və Naxçıvanda da böyük potensial mövcuddur.
Əsas vəzifə bu potensialı iqtisadi baxımdan səmərəli layihələrə çevirmək və onları enerji sisteminə qoşmaqdır.
Məhz bu potensialdan çıxış edərək, Azərbaycan bərpa olunan enerjinin strateji baxımdan genişləndirilməsi istiqamətində iş aparır. Məqsəd yalnız yeni bərpa olunan enerji obyektlərinin tikintisi deyil - bizim həmçinin müvafiq ötürücü və paylayıcı infrastruktura ehtiyacımız var”, - deyə o bildirib.
F.Müştaqov vurğulayıb ki, bərpa olunan enerjinin inkişafı elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji sisteminin çevikliyinin artırılması ilə müşayiət olunmalıdır. Bu, xüsusilə dəyişkən enerji mənbələrinin payı artdıqca daha böyük əhəmiyyət kəsb edir.
O, həmçinin gücü 230 MVt olan Qaradağ Günəş Elektrik Stansiyası barədə məlumat verib. Onun sözlərinə görə, bu, Xəzər regionunda ən böyük günəş elektrik stansiyasıdır. Stansiyada illik elektrik enerjisi istehsalı təxminən 500 milyon kVt·saata çatır.
F.Müştaqov ümumi gücü 240 MVt olan Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsinə də toxunub: “Elektrik stansiyası Bakıdan təxminən 45 kilometr şimal-qərbdə, Xızı və Abşeron rayonlarında yerləşir və 37 turbindən ibarətdir. Külək elektrik stansiyası ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verir. Rəsmi açılış mərasimi 13 yanvar 2022-ci ildə keçirilib”.