Bakı. Trend:
Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməməsi təmizləmə əməliyyatlarını ləngitməkdə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını gecikdirməkdə davam edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində keçirilən “Azərbaycanda minatəmizləmə fəaliyyəti vasitəsilə təhlükəsiz bərpanı dəstəkləmək üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri" adlı panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycan piyada əleyhinə minalar və müharibənin partlamamış sursatlarından ən çox əziyyət çəkən ölkələrdən biri olaraq qalır.
“Bu çirklənmə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən işğalının nəticəsidir. Minaların basdırılması hətta 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da davam edib. Minaların geniş miqyasda və əksər hallarda işarələnmədən yerləşdirilməsi, eləcə də minalar haqqında etibarlı məlumatların olmaması vəziyyəti daha da çətinləşdirir.
Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməməsi təmizləmə əməliyyatlarını ləngitməkdə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını gecikdirməkdə davam edir”,- deyə o əlavə edib.
S.Şərifov bildirib ki, bu konfrans beynəlxalq təşkilatların nümayəndələrini və qlobal inkişaf üzrə mütəxəssisləri bir araya gətirir.
“Məqsəd ölkəmizi təhlükəsiz və sağlam etmək, bərpa və davamlı inkişaf üçün şərait yaratmaqdır. Azərbaycan üçün bu, mücərrəd bir məsələ deyildir. Bu, vətəndaşlarımızın həyatına və işğaldan azad edilmiş ərazilərimizin gələcəyinə birbaşa təsir edən böyük bir humanitar çağırışdır”,- deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.
Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.