Bakı. Trend:
Mina çirklənməsi ərazilərin bərpasını ləngidir. Bu, şəhərsalma və mənzil tikintisinə, yolların, dəmir yollarının və digər infrastrukturların inşasına mane olur, eyni zamanda kənd təsərrüfatı torpaqlarının istifadə edilməsinin, becərilməsinin və iqtisadi dirçəlişin qarşısını alır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin Sədr müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində keçirilən “Şəhər bərpasının bünövrəsi kimi minatəmizləmə fəaliyyəti “ adlı panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ANAMA gündəlik əməliyyatlarındamüxtəlif növ sursatlar və minalarla qarşılaşır.
“Çirklənmə piyada əleyhinə və tank əleyhinə minaların, eləcə də müxtəlif növ sursatların, raketlərin, qumbaraların, mərmilərin və s. qarışığından ibarətdir. Bunların hamısı münaqişə zamanı gözlənilməyən yerlərdə istifadə olunub”,- deyə S.Poladov bildirib.
O əlavə edib ki, torpaqların təmizlənməsi və istifadəyə verilməsi ilə yanaşı, agentliyin işinin bir hissəsi də minaların və partlayıcı qurğuların yarada biləcəyi potensial təhlükələr barədə yerli əhalinin məlumatlılığını artırmaqdır.
“Buna görə də hər dəfə insanlar köçürüləndə, yeni kəndlər salınanda və yeni ailələr məskunlaşdırılarkən risklərin azaldılması üzrə qruplarımız orada olur”,- deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.
Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.