Bakı. Trend:
Azərbaycan və İran müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji və başqa sahələrdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) inkişafı porsesində önəmli rola sahib ola bilər.
Bunu Trend-ə açıqlamasında iranlı ekspert Fərşid Baqerian deyib.
“Şanxay Əməkdaşlıq Təşkilatı uzun illər ərzində müxtəlif inkişaf dövrü keçib. Bu prosesdə üzvlərin təşkilata yeni təşəbbüslərlə əhəmiyyətli köməyi olub. İran və Azərbaycan da bu təşkilata müxtəlif sahələrdə yeni imkanlar yarada bilərlər. İki ölkə təşkilat daxilində beynəlxalq əlaqələrin inkişafına öz töhfələrini verə bilər”, - deyə o bildirib.
İranlı ekspert qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatından əlavə, İran və Azərbaycan iki qonşu ölkədir:
"İki qonşu ölkə əlaqələrin inkişafı üçün önəmli addımlar atmaqdadır", - deyə o qeyd edib.
Baqerian bildirib ki, İran və Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün müxtəlif imkanlar mövcuddur. Özəl sektor iki ölkə arasında ticarət əlaqələri və dövriyyənin artmasında önəmli rola sahib ola bilər. Bu baxımdan İranın sərhəd bölgələrində özəl sektorun Azərbaycanın özəl sektoru ilə əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaradılması əhəmiyyətlidir.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın üzvlərinin sayı 10 dövlətə çatıb.
ŞƏT-in 26-cı yubiley sammiti Qırğızıstanın sədrliyi ilə avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçiriləcək. Görüşdə təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əsas diqqət mərkəzində olacaq.
Sammitin yekunları üzrə liderlərin ŞƏT-in maliyyə və iqtisadi mexanizmlərinin inkişafı ilə bağlı bir sıra sənədləri, o cümlədən milli valyutalarda hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirəcəyi gözlənilir.