Bakı. Trend:
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun qəsdən meşə yanğınları törədən şəxslər üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə tapşırıq verib.
Əlcəzairin dövlət televiziyasının məlumatına görə, Təbbun yaxın vaxtlarda baş vermiş meşə yanğınlarının nəticələrinin aradan qaldırılması və zəruri tədbirlərin görülməsinə həsr olunmuş yüksəkvəzifəli mülki və hərbi rəsmilərin iştirakı ilə müşavirə keçirib.
Müşavirə zamanı Təbbun ədliyyə nazirinə sentyabrın 15-dək Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini təqdim etməyi tapşırıb.
Qanun layihəsində meşə ərazilərini qəsdən yandıran şəxslər üçün cəzanın sərtləşdirilməsi, o cümlədən ölüm cəzasının tətbiqi ilə bağlı müddəanın olacağı gözlənilir.
Məlumata görə, məhkumlar barəsində çıxarılmış ölüm hökmü qanunla nəzərdə tutulan bütün apellyasiya və məhkəmə prosedurları başa çatdıqdan sonra icra ediləcək.
Əlcəzairin cinayət qanunvericiliyində ölüm cəzası nəzərdə tutulsa da, ölkədə bu cəza 1993-cü ildən etibarən icra edilmir.