Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,64 ABŞ dolları və ya 5,85% ucuzlaşaraq 106,81 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,75 dollar və ya 5,44% ucuzlaşaraq 99,90 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,63 dollar və ya 8,33% azalaraq 72,95 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 9,03 dollar və ya 8,58% azalaraq 96,16 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə axşamı xam neftin bir barelinin qiyməti 87 dollardan aşağı düşərək əvvəlki sessiyada qeydə alınmış 8%-dən çox azalmadan sonra enişini davam etdirib və son bir ayın minimum səviyyəsinə yaxınlaşıb.
"Qiymətlərin düşməsi ABŞ-də keçirilən aralıq seçkilərində Demokratların Konqresdə üstünlük əldə etməsinin Tramp administrasiyasına İranla müharibəni dayandırmaq üçün təzyiqi artıracağına dair gözləntilərlə əlaqələndirilir.
Prezident Donald Tramp Respublikaçıların seçkilərdə itkilər verməsində əsas amillərdən birinin İranla münaqişə olduğunu etiraf edib və benzin qiymətlərinin artmasını da buna təsir edən mühüm səbəb kimi göstərib. Bununla yanaşı, o, İrana qarşı hərbi zərbələrin yaxın vaxtlarda intensivləşdirilməsinin planlaşdırılmadığını bildirib.
Demokratların nəzarətində olan Konqresin Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün maliyyələşdirməni məhdudlaşdıra biləcəyi gözlənilir. Senatda Demokratların azlıq lideri Çak Şumer isə münaqişəyə son qoyulması istiqamətində təşəbbüslər irəli sürəcəyini bəyan edib.
Eyni zamanda, Fars körfəzindən xam neft ixracı bərpa olunmağa başlayıb və təklifin yaxın müddətli tələbi üstələdiyi bildirilir. Ümumilikdə, ABŞ-ın əsas neft markası olan WTI-nin qiyməti bu həftə indiyədək təxminən 16% ucuzlaşıb", - məlumatda qeyd edilib.