Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts Bundesverin modernləşdirilməsinə yönəldilən vəsaitlərin daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. O, eyni zamanda ölkənin silahlı qüvvələrinin hazırda lazımi səviyyədə olmadığını etiraf edib.
Kansler bu barədə ARD telekanalına müsahibəsində danışıb.
Mertsin sözlərinə görə, müdafiə xərclərinin artırılması ilə yanaşı, hökumət silahların tədarükü ilə bağlı mövcud prosedur və planlara yenidən baxmağı planlaşdırır.
“Biz müasir Bundesver yaratmaq istəyirik. Köhnəlmiş silah sistemlərinə qayıtmaq niyyətində deyilik”, – deyə kansler bildirib.
O qeyd edib ki, texnologiyalar, o cümlədən müdafiə sənayesində innovasiyalar sürətlə inkişaf edir. Merts universitetlərdə və elmi-tədqiqat müəssisələrində yeni ideyaların meydana gəldiyini, eyni zamanda çoxsaylı startapların yaradıldığını diqqətə çatdırıb.
“Bütün bunların bu qədər baha başa gəlməsi mütləq deyil”, – deyə o bildirib. Kansler Ukraynanın müdafiə sahəsində daha aşağı xərclərlə effektiv həllərin hazırlanmasının mümkün olduğunu göstərdiyini vurğulayıb.
Merts bildirib ki, Almaniya artıq Ukrayna ilə bu istiqamətdə əməkdaşlıq edir və birgə müdafiə müəssisələrinin yaradılması imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, əməkdaşlığın iqtisadi baxımdan daha səmərəli qurulması vacibdir və bunun üçün hazırda müvafiq strukturlar formalaşdırılır.
Bununla yanaşı, kansler Almaniyanın hərbi xərclərinin artırılmasını dəstəkləyib. Federal hökumətin planına əsasən, müdafiə sahəsinə 2026-cı ildə 82 milyard avro, 2027-ci ildə 109 milyard avro, 2028-ci ildə 153 milyard avro, 2029-cu ildə isə 162 milyard avro vəsait ayrılması nəzərdə tutulur.
“Son 15 ildə yaranmış çatışmazlığı aradan qaldırmalıyıq. Bundesver hazırda lazımi vəziyyətdə deyil. Almaniya özünü müdafiə etmək imkanına malik olmalıdır və bunun zəruri olduğu açıq-aydındır”, – Merts vurğulayıb.
Kansler müdafiə xərclərinin artırılmasını həmçinin Avropanın təhlükəsizliyinin qorunması ilə əlaqələndirib. O bildirib ki, azadlığın itirilməsi və Avropada sülhün təhlükə altına düşməsi hökumətin sosial proqramlarının əhəmiyyətini azaldacaq.