Bakı. Trend:
Donald Tramp ABŞ-da NASA-nın və kosmik qüvvələrin gələcək əməkdaşlarını hazırlamaq məqsədilə milli akademiyanın yaradılacağını elan edib. Bu addım, xüsusilə Çinlə artan rəqabət fonunda, kosmos sahəsində rəqabətin gücləndiyi bir vaxtda atılır.
«Mən yeni milli akademiyanın yaradılması prosesinə start verən fərman imzalayacağam. O, ABŞ Kosmik Akademiyası (US Space Academy) adlanacaq», – deyə Tramp NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində keçirilən medal təqdimetmə mərasimində bildirib.
Respublikaçı siyasətçi «Bu, çox mühüm bir məsələdir», – deyə vurğulayıb. «Onun vəzifəsi ölkəmizin təklif edə biləcəyi ən istedadlı şəxsləri cəlb etmək, onları hazırlamaq və məzun etmək olacaq».
Trampın sözlərinə görə, bu qurum NASA-ya, eləcə də özəl kosmik sənayeyə və Birləşmiş Ştatların Kosmik Qüvvələrinə xidmət edəcək. Kosmik Qüvvələr Trampın ilk prezidentlik dövründə yaratdığı ABŞ Silahlı Qüvvələrinin altıncı qoludur. Bununla belə, akademiyanın harada yerləşəcəyi hələ müəyyən edilməyib.
Bu açıqlama kosmosun, xüsusilə hərbi və texnoloji sahələrdə strateji rəqabətdə artıq mərkəzi yer tutduğu bir vaxtda verilib.
Tramp administrasiyası açıq şəkildə Pekinlə «ikinci kosmik yarışa» başladığını bildirir. Bu ifadə Soyuq müharibə dövründə ABŞ və Sovet İttifaqı arasında gedən kosmik yarışı xatırladır.
Rəqib olan iki dövlət 2030-cu ilədək Aya insan göndərməyi və orada baza qurmağı qarşılarına məqsəd qoyublar.