Bakı. Trend:
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək.
"Anadolu" agentliyinin məlumatına görə, Türkiyə Prezidenti bu barədə Cənubi Koreyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunacaq. Mən də fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevlə artıq telefon danışığım olub. Təbii ki, bu müddətdə həm Kəşfiyyat İdarəsinin rəhbərini, həm də xarici işlər nazirimi Azərbaycana göndərmişəm.
Hər zaman deyirəm ki, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan çox-çox irəli gedir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının, Allahın izni ilə, aşa bilməyəcəyi heç bir maneə yoxdur", - Ərdoğan qeyd edib.