Bakı.Trend:
İyulun sonuna Azərbaycanda "American Express" kartları ilə aparılan əməliyyatlara dair məlumatlar açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyulun sonuna Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "American Express" kartlarından (o cümlədən, statistik vahidin ödəniş kartlarından) istifadə etməklə 5,1 min əməliyyat həyata keçirilib. Qeyd olunur ki, bu əməliyyatların həcmi 700 min manatı ötüb.
Bankın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə "American Express" kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 1,3 mindən çox və ya 20,3 faiz, əməliyyatların dəyəri isə 200 min manatdan çox və ya 22,2 faiz azalıb.
AMB-nin məlumatına əsasən, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "American Express" kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 1,5 min, həcmi isə 1 milyon manat təşkil edib.
Hazırda Azərbaycanda AZQR vahid standartı əsasında QR-ödənişlər sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı yekunlaşdırıblar, funksional imkanlar isə tədricən POS-terminallara və mobil bank tətbiqlərinə inteqrasiya olunur.
"Inkişafın növbəti mərhələsi sərhədkeçid QR-ödənişlərin işə salınması ola bilər. Bunun üçün Azərbaycanın Anında Ödəniş Sisteminin digər ölkələrin analoji sistemləri ilə qarşılıqlı inteqrasiyası imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu tür həllərin tətbiqi üzrə beynəlxalq təcrübəni öyrənir.
Mərkəzi Bankdan vurğulanıb ki, gündəlik pərakəndə hesablaşmalarda QR-ödənişlərin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemin iştirakçısı olan bankların tam uyğunluğunun təmin edilməsi prioritet olaraq qalır", — deyə AMB bildirir.