Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 34,155 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 723 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cəmi kredit qoyuluşlarının 28,972 milyard manatını milli valyutada kreditlər təşkil edib.
Milli valyutadakı kreditlərin 604,8 milyon manatının ödəmə vaxtı keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 5,183 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 118,2 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin avqustun 1-nə milli valyutada qoyulmuş kreditlər 2,8 milyard manat və ya 10,9%, xarici valyutada qoyulmuş kreditlər isə 1,040 milyard manat və ya 25,1% artıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,542 milyard manatını qısamüddətli (o cümlədən 178,8 milyon manatı vaxtı keçmiş), 24,430 milyard manatını uzunmüddətli kreditlər (o cümlədən 426,1 milyon manatı vaxtı keçmiş), xarici valyutadakı kreditlərin isə 1,259 milyard manatını qısamüddətli (o cümlədən 17,3 milyon manatı vaxtı keçmiş), 3,924 milyard manatını isə uzunmüddətli kreditlər (o cümlədən 100,9 milyon manatı vaxtı keçmiş) təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, kredit aktivliyinin artımı fonunda Mərkəzi Bank ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.
"2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq. 2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik", - deyə AMB sədri bildirib.
T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi. 2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz səviyyəsində idi.
AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq, Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac yoxdur.
"Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir", - deyə o bildirib.
Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.
"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", - deyə T.Kazımov qeyd edib.
AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə qarşı alternativ fəaliyyət planları hazırlayır.
"Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcək", - deyə o vurğulayıb.