Bakı. Trend:
ABŞ-ın Avropadakı hərbi qüvvələri “Patriot” hava hücumundan müdafiə sistemləri üçün müasir raketlərin çatışmazlığı ilə üzləşib. Mövcud vəziyyət raket ehtiyatlarının “son dərəcə kritik” həddə çatdığını göstərir.
“Associated Press”in mənbələrə istinadən yaydığı məlumata görə, bu vəziyyət NATO ölkələrinin potensial təhlükələr qarşısında müdafiə imkanları ilə bağlı ciddi narahatlıq yaradıb.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, əsas problem Rusiya istehsalı ballistik raketlərinin qarşısını almaq qabiliyyətinə malik “Patriot” raketlərinin kifayət qədər olmamasıdır. NATO nümayəndəsi də ABŞ və Alyans qüvvələrinin Avropadakı bu tip raket ehtiyatlarının aşağı səviyyədə olduğunu təsdiqləyib.
AP bildirir ki, ABŞ-ın Avropada yerləşən qüvvələrinin uzunmüddətli ballistik raket hücumlarına qarşı müdafiəni təmin etmək üçün yetərli sayda “Patriot” raketi yoxdur.
Məlumata əsasən, hətta ayrı-ayrı raket hücumlarına və ya trayektoriyasından təsadüfən yayınan raketlərə qarşı müdafiə imkanları belə hazırda “çox məhdud” olaraq qiymətləndirilir.