Bakı. Trend:
Fransanın Kalvados departamentinin Kaen şəhərində dəmir yolu vağzalının yaxınlığında avtomobil sürücüsü bir neçə nəfəri vurub. Nəticədə azı bir nəfər ölüb, 10-dan çox insan yaralanıb, onlardan dörd nəfərin vəziyyəti ağırdır.
Bu barədə "Le Figaro" hadisə ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər verir.
Hadisə saat 22 radələrində SNCF dəmir yolu vağzalının yaxınlığında baş verib. Məlumata görə, qara rəngli Almaniya istehsalı avtomobil tramvay dayanacağının yaxınlığında gözləyən insanları bilərəkdən vurub. Bir neçə zərərçəkən ağır xəsarət alıb. Polis onların əksəriyyətinin xarici ölkə vətəndaşları olduğu, xüsusilə Əfqanıstan, Misir və ya Banqladeş vətəndaşları olduğu ehtimal edilir. Ərazi hakimiyyət orqanları tərəfindən mühasirəyə alınıb.
Polisin məlumatına görə, sürücü hadisə yerindən qaçsa da, daha sonra Uistrehem şəhərində saxlanılıb. Onun 26 yaşlı, Rusiyada doğulmuş İbrahim İ. olduğu bildirilir.
Hücumun dəqiq şəraitini və şübhəlinin motivlərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.