Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında tarixi mərhələ kimi qiymətləndirilə bilər. Səfərin nəticələri göstərir ki, Bakı ilə Daşkənd arasında əlaqələr artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, daha geniş regional və geosiyasi məzmun qazanır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin dinamikası, dövlət başçıları səviyyəsində intensiv siyasi dialoq və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi Prezident İlham Əliyevin son səfərinin tarixi əhəmiyyətini şərtləndirən əsas amillərdir.
“Azərbaycan və Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Lakin hazırda biz bu tarixi yaxınlığın konkret siyasi, iqtisadi və geostrateji əməkdaşlığa çevrildiyini görürük. Prezident İlham Əliyevin Özbəkistana səfəri də məhz bu prosesin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Səfər zamanı qəbul edilən qərarlar və imzalanan sənədlər münasibətlərin uzunmüddətli perspektivini müəyyənləşdirir”, - deyə politoloq bildirib.
Əbədi dostluq münasibətlərin siyasi-hüquqi bazasını gücləndirir
Azər Qarayev qeyd edib ki, avqustun 23-də imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycanla Özbəkistan arasında formalaşmış xüsusi münasibətlər sisteminin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirir.
Onun fikrincə, sənədin əhəmiyyəti yalnız iki ölkənin mövcud dostluq münasibətlərinin təsbit edilməsindən ibarət deyil. Müqavilə qarşılıqlı etimadın, strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir.
“Əbədi dostluq haqqında Müqavilə Bakı və Daşkəndin münasibətlərə hansı strateji perspektivdən yanaşdığını göstərir. Burada söhbət situativ maraqlardan deyil, uzunmüddətli siyasi etimaddan gedir. Azərbaycan və Özbəkistan artıq bir-birini regional məsələlərdə etibarlı tərəfdaş kimi görür. Bu isə münasibətlərin institusional əsaslarının daha da güclənməsinə imkan verir”, - o vurğulayıb.
Politoloq bildirib ki, iki ölkə arasında siyasi dialoqun dərinləşməsi iqtisadi, nəqliyyat, energetika, sənaye, turizm, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.
Bakı-Daşkənd xətti Türk dünyasının geosiyasi çəkisini artırır
Azər Qarayev hesab edir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin güclənməsinin təsirləri ikitərəfli çərçivədən kənara çıxır və bütövlükdə Türk dünyasında inteqrasiya proseslərinə əlavə impuls verir.
“Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm siyasi və iqtisadi potensiala malik dövlətlərdir. Bu iki ölkənin strateji yaxınlaşması Xəzərin hər iki sahilində Türk dünyası daxilində siyasi koordinasiyanın güclənməsinə xidmət edir. Bakı-Daşkənd xəttinin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi və ortaq iqtisadi məkanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”, - politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın artan əməkdaşlığı Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha koordinasiyalı və təsirli geosiyasi aktora çevrilməsinə də töhfə verir.
İqtisadiyyat münasibətlərin yeni keyfiyyətini göstərir
Politoloq vurğulayıb ki, iqtisadi əməkdaşlıq Azərbaycan-Özbəkistan münasibətlərində baş verən keyfiyyət dəyişikliklərini göstərən ən mühüm indikatorlardan biridir.
Onun fikrincə, qarşılıqlı ticarətin genişləndirilməsi ilə yanaşı, birgə investisiyalar, sənaye kooperasiyası, nəqliyyat-logistika layihələri və enerji sahəsində əməkdaşlıq münasibətlərin daha dayanıqlı iqtisadi bazaya söykənməsinə şərait yaradır.
“Əgər siyasi münasibətlər iqtisadi layihələrlə tamamlanırsa, bu, tərəfdaşlığın davamlılığını əhəmiyyətli dərəcədə artırır. Azərbaycan və Özbəkistan hazırda məhz belə model formalaşdırırlar. Qarşılıqlı investisiyaların artırılması, birgə istehsal müəssisələrinin yaradılması, Orta Dəhliz imkanlarından daha fəal istifadə və Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir”, - Azər Qarayev deyib.
O əlavə edib ki, iqtisadi əlaqələrin şaxələndirilməsi Azərbaycan və Özbəkistan biznesinin qarşılıqlı bazarlara çıxışını asanlaşdırmaqla yanaşı, iki ölkənin üçüncü bazarlara birgə çıxış imkanlarını da genişləndirə bilər.
Turizm xalqlar arasında əlaqələri daha da gücləndirə bilər
Azər Qarayevin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında böyük inkişaf potensialına malik istiqamətlərdən biri də turizmdir. Hər iki ölkənin zəngin tarixi-mədəni irsə, qədim şəhərlərə və Türk-İslam sivilizasiyasının mühüm abidələrinə sahib olması qarşılıqlı turist axınının genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Politoloq qeyd edib ki, Bakı, Şuşa və digər turizm məkanları Özbəkistan vətəndaşları üçün cəlbedici istiqamətlər olduğu kimi, Səmərqənd, Buxara, Xivə və Daşkənd də azərbaycanlı turistlər üçün xüsusi maraq kəsb edir. Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Buxaranın tarixi-mədəni abidələri ilə tanışlıq proqramının yer alması da iki ölkənin ortaq mədəni irsinin və turizm potensialının önəmini göstərən məqamlardan biri olub.
“Turizm yalnız iqtisadi gəlir gətirən sahə deyil. Azərbaycan və Özbəkistan kimi tarixi və mədəni baxımdan yaxın ölkələr üçün turizm həm də xalqlar arasında birbaşa təmasların artması deməkdir. Qarşılıqlı turist axınının genişləndirilməsi, ortaq turizm marşrutlarının hazırlanması, mədəni və tarixi məkanların birgə təbliği gələcək əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər”, - politoloq bildirib.
Onun fikrincə, nəqliyyat bağlantılarının inkişafı və iqtisadi əlaqələrin intensivləşməsi turizm sektoruna da əlavə stimul verəcək. Bu baxımdan turizm Azərbaycan-Özbəkistan münasibətlərinin sosial və humanitar dayaqlarının daha da möhkəmlənməsinə xidmət edən mühüm sahələrdən biri ola bilər.
Təhsil əməkdaşlığı strateji investisiyaya çevrilir
Azər Qarayev bildirib ki, Azərbaycan və Özbəkistan münasibətlərində təhsil sahəsi xüsusi yer tutur. Onun sözlərinə görə, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq və ortaq elmi layihələrin həyata keçirilməsi iki ölkənin uzunmüddətli yaxınlaşmasına mühüm töhfə verə bilər.
Politoloq Prezident İlham Əliyevin səfəri zamanı Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakını təhsil əlaqələrinin yeni mərhələyə yüksəlməsinin göstəricilərindən biri kimi qiymətləndirib. Yeni kampus layihəsi 20 min nəfərlik tədris korpuslarının və 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Eyni zamanda, Füzulidəki Mirzə Uluqbəy adına məktəblə Özbəkistan arasında müəllim və şagirdlər səviyyəsində əməkdaşlıq genişlənir.
“Bu layihələrin çox mühüm simvolik və strateji tərəfi var. Füzulidə Mirzə Uluqbəyin, Daşkənddə isə Nizami Gəncəvinin adını daşıyan təhsil ocaqlarının fəaliyyət göstərməsi ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsinin praktik modelidir. Təhsil sahəsində qurulan əlaqələr bugünkü siyasi münasibətlərdən daha uzunömürlü nəticələr yaradır. Çünki bu əməkdaşlıq gələcəkdə Azərbaycanı və Özbəkistanı daha yaxından tanıyan yeni mütəxəssis və intellektual nəslin formalaşmasına xidmət edir”, - Azər Qarayev bildirib.
Qarayevin fikrincə, növbəti mərhələdə tələbə mübadiləsinin artırılması, birgə təhsil proqramlarının hazırlanması, universitetlər arasında ikili diplom layihələrinin təşviqi, elmi tədqiqatların və akademik mübadilələrin genişləndirilməsi perspektiv istiqamətlər kimi çıxış edə bilər.
Siyasi yaxınlaşma xalqlar arasında əlaqələrlə tamamlanır
Politoloqun sözlərinə görə, son dövrdə siyasi və iqtisadi münasibətlərlə paralel olaraq təhsil, turizm və mədəni-humanitar əlaqələrin genişlənməsi Azərbaycan-Özbəkistan tərəfdaşlığının daha əhatəli xarakter aldığını göstərir.
“Yeni mərhələ onu göstərir ki, Bakı və Daşkənd yalnız mövcud əməkdaşlığı qorumaq niyyətində deyil, gələcək onilliklər üçün ortaq strateji gündəlik formalaşdırırlar. Əbədi dostluq haqqında Müqavilənin imzalanması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, təhsil və turizm əlaqələrinin dərinləşdirilməsi, eləcə də Türk dünyası daxilində koordinasiyanın güclənməsi bu prosesin əsas istiqamətləridir. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfərini Azərbaycan-Özbəkistan münasibətlərinin yeni tarixi mərhələsinin siyasi təməli kimi qiymətləndirmək olar”, - deyə Azər Qarayev yekunlaşdırıb.