Bakı. Trend:
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib və bu əlaqələr artıq yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin nə qədər dərin və çoxşaxəli xarakter daşıdığını bir daha göstərdi:
“Bu münasibətlərin əsasını ilk növbədə xalqlarımızı birləşdirən tarixi, milli və mənəvi yaxınlıq təşkil edir. Bunun üzərində isə iqtisadi əməkdaşlıqdan tutmuş nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və investisiyalara qədər geniş əməkdaşlıq platforması formalaşıb”.
A.Həsənovanın sözlərinə görə, Özbəkistanın son illərdə keçdiyi inkişaf yolu və həyata keçirilən islahatlar ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb:
“Azərbaycanın bu prosesdə fəal tərəfdaş kimi çıxış etməsi isə ikitərəfli əlaqələrə əlavə dinamizm qazandırır.
Özbəkistanın sürətli inkişafı Mərkəzi Asiyanın ümumi iqtisadi və geosiyasi əhəmiyyətinin artması baxımından da xüsusi önəm daşıyır. Azərbaycan isə həm coğrafi mövqeyi, həm nəqliyyat infrastrukturu, həm də enerji və logistika imkanları ilə Mərkəzi Asiyanı dünya bazarları ilə birləşdirən mühüm tərəfdaşdır. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı yalnız iki ölkənin maraqlarına deyil, daha geniş regional əməkdaşlığa da xidmət edir”.
Deputat hesab edir ki, səfər çərçivəsində müzakirə olunan bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq hədəfi real iqtisadi potensiala əsaslanır:
“Bu hədəfin artıq uzaq perspektiv kimi deyil, mərhələli şəkildə reallaşdırılması mümkün olan konkret məqsəd kimi müzakirə edilməsi təsadüfi deyil. Çünki hazırda iki ölkə arasında qarşılıqlı investisiyalar artır, yeni birgə müəssisələr və layihələr həyata keçirilir. Sənaye, avtomobil istehsalı, energetika, kənd təsərrüfatı və emal sənayesi kimi sahələrdə əməkdaşlığın genişlənməsi ticarət dövriyyəsinin də artmasına şərait yaradacaq”.
O vurğulayıb ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın iştirakıdır:
“Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə sənaye layihəsinin həyata keçirilməsi və digər təşəbbüslər Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfənin konkret nümunələridir. Bu layihələr iqtisadi əhəmiyyətlə yanaşı, xalqlarımız arasında qardaşlıq münasibətlərinin real ifadəsidir. Əminəm ki, qarşıdakı dövrdə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan-Özbəkistan əməkdaşlığının yeni layihələrlə daha da genişləndirilməsi mümkün olacaq”.
A.Həsənova qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın mühüm nəticələrindən biri də regional nəqliyyat və logistika imkanlarının daha səmərəli istifadəsi olacaq: “Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit bağlantı yaratması, Özbəkistanın isə regionun böyük iqtisadi potensiala malik ölkələrindən biri olması qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır. Orta Dəhlizin inkişafı fonunda Azərbaycan və Özbəkistan arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi həm ticarət dövriyyəsinin artmasına, həm də region ölkələrinin dünya bazarlarına çıxışının asanlaşmasına xidmət edə bilər”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin səfəri zamanı imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan münasibətlərinin qarşıdakı illər üçün konkret fəaliyyət gündəliyinə malik olduğunu göstərir:
“Bu gün Azərbaycan və Özbəkistan münasibətlərində siyasi etimad, iqtisadi maraqlar və xalqlarımızın mənəvi yaxınlığı bir-birini tamamlayır. Ən mühüm məsələ isə bu yüksək səviyyəli siyasi münasibətləri konkret layihələrə və insanların rifahına təsir edən nəticələrə çevirməkdir. Düşünürəm ki, son illərdə bunun üçün möhkəm təməl yaradılıb və qarşıdakı dövrdə bu əməkdaşlığın daha böyük nəticələrinin şahidi olacağıq”.
