Bakı. Trend:
Azərbaycanda turizm sektorunun inkişafı üçün 2030-cu ilədək yeni prioritetlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” turizm qanunvericiliyinin və investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, subsidiya şərtlərinin müəyyənləşdirilməsini, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasını, yeni turizm məhsullarının yaradılmasını və regionlarda turizm imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Bəs qarşıya qoyulan hədəflərə çatmaq üçün hansı bazarlara üstünlük verilməli və turizm imkanlarının regionlar üzrə genişləndirilməsi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında turizm eksperti Samir Dübəndi deyib ki, Dövlət Proqramında nəzərdə tutulan 8,1 faizlik orta illik artım hədəfini qiymətləndirərkən ilk növbədə, metodoloji məqam nəzərə alınmalıdır:
“Dövlət Proqramındakı 8,1 faizlik orta illik artım hədəfi yalnız turistləri deyil, Azərbaycana gələn bütün əcnəbi və vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Bu, hər il mexaniki olaraq 8,1 faizlik artım demək deyil. Dövlət Proqramının özündə 2026-cı il üçün 2025-ci ildən aşağı göstərici nəzərdə tutulur və əsas sürətlənmə sonrakı illərə planlaşdırılır. 2025-ci ildə belə gəlişlərin sayı 2 milyon 570 min nəfər olsa da, onların təxminən 1 milyon 805 mini turizm məqsədilə səfər edib. 2030-cu il üçün 3 milyon 799 min gəliş hədəflənir ki, bu da 2025-ci illə müqayisədə təxminən 1,23 milyon və ya 47,8 faiz artım deməkdir. Buna görə nəticə yalnız sərhəd keçidlərinin sayı ilə deyil, turizm məqsədli gəlişlər, gecələmələr və turist xərcləri ilə ölçülməlidir”.
Onun fikrincə, Azərbaycanın turizm bazarları üzrə siyasəti üç əsas istiqamətdə qurulmalıdır.
“Birincisi, Rusiya və Türkiyə kimi böyük ənənəvi bazarlar qorunmalı, Qazaxıstan və Özbəkistan başda olmaqla Mərkəzi Asiyada artım genişləndirilməlidir. İkincisi, 2025-ci ildə böyük turist axını yaratmış Hindistan və Körfəz ölkələri üzrə itirilmiş mövqelərin bərpası üçün uçuş, qiymət, viza və bazara uyğun turizm məhsulları birlikdə nəzərdən keçirilməlidir. Üçüncüsü, Çin, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya və Yaponiya kimi bazarlarda uzunmüddətli şaxələndirmə aparılmalıdır. 2025-ci ildə turizm məqsədli gəlişlər üzrə Rusiya, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı və Qazaxıstan ən böyük mənbə bazarları sırasında olub.
Bu seçimdə 2026-cı ilin ilk yarısındakı dəyişikliklər də nəzərə alınmalıdır. Ümumi gəlişlər 10,3 faiz azalsa da, Avropa İttifaqı ölkələrindən gəlişlər 9,3 faiz, MDB ölkələrindən isə 1,8 faiz artıb, Körfəz ölkələri üzrə 31,4 faiz azalma qeydə alınıb. Deməli, həm böyük mövcud bazarları qorumaq, həm azalmış bazarları bərpa etmək, həm də yeni bazarlardan asılılığı balanslaşdırmaq lazımdır. Bununla belə, yarımillik göstəricilər bütün gəlişləri əhatə edir və mövsümilikdən təsirlənə bilər. Bazar prioritetləri turizm məqsədli səfərlər, bir turistə düşən xərc, qalma müddəti, birbaşa uçuş imkanları və regionlara səfər potensialı əsasında dəqiqləşdirilməlidir”.
S.Dübəndi Dövlət Proqramında mikro və kiçik sahibkarlara subsidiya dəstəyinin nəzərdə tutulmasını da şərh edib. Onun sözlərinə görə, düzgün mexanizm formalaşdırılarsa, bu dəstək regionlarda turizm biznesinin inkişafına ciddi töhfə verə bilər.
“Düzgün qurulduğu halda subsidiya mikro və kiçik sahibkarların maliyyəyə çıxışını yaxşılaşdıra, fəaliyyətin rəsmiləşməsini sürətləndirə, regionlarda yeni xidmətlər və məşğulluq yarada bilər. Məncə, dəstəyin əhəmiyyətli hissəsinin regionlardakı ailə bizneslərinə, kənd qonaq evlərinə, aqroturizm və ekoturizm layihələrinə, yerli qastronomiya, sənətkarlıq, bələdçilik və aktiv turizm xidmətlərinə yönəldilməsi məqsədəuyğundur.
Regional kiçik hotel, qonaq evi və ailə restoranı da yerli turizm dəyər zəncirinin əsas hissəsidir. Prioritet müəssisənin adından yox, yaratdığı nəticədən asılı olmalıdır. Belə nəticələrə əlavə gecələmələr, mövsümdənkənar turist axını, yerli məşğulluq və satınalmalar, xidmət keyfiyyəti, rəqəmsal satış, resurs səmərəliliyi, təhlükəsizlik və ekoloji dayanıqlılıq aid edilə bilər”.
Ekspert yeni hotel otaqlarına görə ümumi və avtomatik subsidiya verilməsinə ehtiyatla yanaşılmasının vacibliyini bildirib:
“2026-cı ilin ilk yarısında hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə cəmi 19,3 faiz olub. Buna görə yeni tutum yalnız real tələbin, məhsul çatışmazlığının və iqtisadi əsaslandırmanın mövcud olduğu ərazilərdə dəstəklənməlidir. Dövlət Proqramında yeni istifadəyə verilən hotel otaqlarına görə investorlara subsidiya verilməsi ilə mikro və kiçik sahibkarlara subsidiya dəstəyi ayrı tədbirlərdir. Buna görə onların məqsədləri, büdcələri və seçim meyarları bir-birindən ayrılmalıdır.
Hazırda subsidiyaların məbləği, coğrafi kvotası və seçim meyarları təsdiqlənməyib. Dövlət Proqramı bu şərtlərin və normativ hüquqi bazanın Nazirlər Kabineti tərəfindən hazırlanmasını nəzərdə tutur. Məncə, mexanizm açıq müsabiqə, sahibkarın öz maliyyə töhfəsi, mərhələli ödəniş, nəticələrin monitorinqi və eyni xərcin müxtəlif proqramlardan təkrar maliyyələşdirilməməsi prinsiplərinə əsaslanmalıdır”.
S.Dübəndi turistlər üçün gündəlik, həftəlik və aylıq dəmir yolu bileti paketlərinin region turizminə təkan verə biləcəyini vurğulayıb.
“İlkin ehtimala görə, gündəlik və həftəlik paketlər turistlər üçün daha cəlbedici ola bilər. Lakin paketlər əvvəlcə bir və ya iki marşrutda pilot qaydada tətbiq edilməli, real satış və əlavə gecələmə nəticələrindən sonra genişləndirilməlidir. Aylıq paketlər daha çox uzunmüddətli qalan qonaqlar, ölkədə bir neçə həftə və ya ay qalaraq uzaqdan işləyən şəxslər – "rəqəmsal köçərilər" və müntəzəm daxili sərnişinlər üçün uyğun görünür. Bu təşəbbüsün nəticəsi satılmış bilet sayı ilə deyil, əlavə turist sayı, regionlarda gecələmə, hotel doluluğu, turist xərcləri və şəxsi avtomobildən dəmir yoluna keçid göstəriciləri ilə ölçülməlidir”.
“Qatarların hərəkət vaxtı turistin bir və ya bir neçə gün regionda qalmasına uyğun olmalı, stansiyadan hotelə və turizm obyektlərinə nəqliyyat təmin edilməli, bilet isə regional avtobus, muzey, qoruq və digər xidmətlərlə vahid turizm məhsulunda birləşdirilməlidir. Dəmir yolu biletlərinin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası da xarici turistlərin səfəri əvvəlcədən planlaşdırmasını asanlaşdıra bilər.
Eyni zamanda, region turizminin dayanıqlı inkişafı üçün dəmir yolu infrastrukturunun mərhələli şəkildə modernləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Mövcud xətlərin yenilənməsi, siqnalizasiya və idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, vaqon parkının müasirləşdirilməsi və stansiyaların turizm yönümlü xidmət mərkəzlərinə çevrilməsi ümumi keyfiyyəti yüksəldə bilər. Bununla yanaşı, uzun məsafəli marşrutlarda sürətli və yarımsürətli qatarların tətbiqi regionlara səyahət vaxtını azaldaraq onların cəlbediciliyini əhəmiyyətli dərəcədə artıra bilər”, - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, ilkin mərhələdə mövcud dəmir yolu marşrutları üzrə turistlər üçün uyğun imkanların genişləndirilməsi məqsədəuyğun olar:
“İlk mərhələdə hazırda fəaliyyət göstərən Bakı–Qazax və Bakı–Qəbələ marşrutlarında turistlərə uyğun hərəkət cədvəli və tezlik gücləndirilməli, Gəncə stansiyasından Göygölə, Goran stansiyasından isə Naftalana avtobus və ya şatl bağlantıları yaradılmalıdır. Bakı–Balakən xətti üzrə Şəki–Qax–Zaqatala–Balakən, eləcə də Bakı–Ağdam istiqaməti infrastruktur işləri və müvəqqəti fasilələr başa çatdıqdan sonra vahid turizm məhsuluna çevrilə bilər”.
S.Dübəndi Dövlət Proqramında nəzərdə tutulan “Turizm Səfiri Proqramı”nın da düzgün model əsasında qurulacağı təqdirdə Azərbaycanın beynəlxalq turizm bazarında tanıdılmasına təsir göstərə biləcəyini deyib.
“Düzgün şəxs və düzgün bazar seçilərsə, "Turizm Səfiri Proqramı" Azərbaycanın tanınmasını, ölkəyə etimadı və rəqəmsal platformalarda görünməsini artıra bilər. Lakin yalnız məşhur olmaq kifayət deyil. Namizədin auditoriyasının prioritet bazarla uyğunluğu, real izləyici və fəallıq göstəriciləri, peşəkar və ictimai nüfuzu, Azərbaycanla məzmun uyğunluğu, çoxdilli kommunikasiya qabiliyyəti və mümkün reputasiya riskləri əvvəlcədən qiymətləndirilməlidir".
Onun fikrincə, təşəbbüs yalnız tanınmış şəxslərin cəlb olunması ilə məhdudlaşmamalı, institusional səviyyədə də davam etdirilməlidir:
“Azərbaycanın prioritet turizm bazarlarındakı səfirlik və konsulluqlarında turizm üzrə məsul əməkdaşların müəyyən edilməsi faydalı ola bilər. Bazarın həcminin və gözlənilən nəticələrin bunu əsaslandırdığı ölkələrdə ayrıca "turizm attaşesi" funksiyasının yaradılması, digər diplomatik nümayəndəliklərdə isə bu vəzifələrin mövcud əməkdaşlardan birinə həvalə edilməsi nəzərdən keçirilə bilər.
Belə əməkdaşlar Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, aviaşirkətlər, turizm sənayesinin peşə birlikləri və özəl sektorla əlaqələndirilmiş şəkildə işləyərək yerli bazarın öyrənilməsi, tur operatorları, aviaşirkətlər və media ilə münasibətlərin qurulması, turizm sərgiləri və təqdimatlarının təşkili, bazardan daxil olan sorğuların aidiyyəti qurumlara yönləndirilməsi və Azərbaycan haqqında düzgün məlumatların yayılması ilə məşğul ola bilərlər. Bununla da "Turizm Səfiri Proqramı" fərdi tanıtım kampaniyasından daha davamlı bazar təmsilçiliyi sisteminə çevrilə bilər”.
S.Dübəndi əlavə edib ki, Dövlət Proqramında azı bir beynəlxalq səviyyədə tanınmış şəxsin cəlb edilməsi, minimum beş birgə rəqəmsal məzmunun hazırlanması və 50 milyon baxışın əldə olunması nəzərdə tutulsa da, nəticələrin qiymətləndirilməsi yalnız baxış sayı ilə məhdudlaşmamalıdır.
“Məşhur turizm səfirləri üçün hədəf bazarda Azərbaycanın tanınma səviyyəsinin, axtarışların, sayt trafikinin, turizm zərfləri üzrə sorğuların və satışların dəyişməsi əsas götürülə bilər. Diplomatik nümayəndəliklərdə turizm üzrə məsul şəxslərin fəaliyyəti qurulmuş peşəkar əlaqələr, birgə kampaniyalar, tur operatorlarının proqramlarına daxil edilmiş Azərbaycan məhsulları, media materialları və bazardan əldə edilən real sorğularla qiymətləndirilə bilər. Diaspor təşəbbüsləri üzrə isə tədbirlərin auditoriyası, yerli tərəfdaşların iştirakı, mediada əhatə dairəsi və işıqlandırılma, o cümlədən izlənilə bilən müraciətlər nəzərə alınmalıdır.
Son nəticədə əsas meyar həmin bazarlardan Azərbaycana gələn turistlərin, onların gecələmələrinin artması, eləcə də hər real nəticəyə çəkilən marketinq xərcinin səmərəliliyi olmalıdır. Bunun üçün fəaliyyət başlamazdan əvvəl hər bazar üzrə baza göstəriciləri və ölçülə bilən hədəflər müəyyən edilməlidir”.
Ekspert Dövlət Proqramının turizmin Bakı və ənənəvi turizm regionlarında cəmləşməsinin dəyişdirilməsi üçün də real imkanlar yaratdığını bildirib:
“Proqram bunun üçün real alətlər yaradır. Proqram çərçivəsində səkkiz yeni turizm məntəqəsinin nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, səkkiz kənddə turizm infrastrukturu, dörd qoruq və ya abidə ərazisində, üç milli parkda yeni dayanıqlı turizm xidmətləri, həmçinin üç yeni turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulur. Bunlar düzgün əlaqələndirilərsə, regional inkişaf üçün əhəmiyyətli baza yarada bilər”.
Ekspert qeyd edib ki, yaxın və orta perspektivdə Bakı–Abşeronla yanaşı, ölkənin müxtəlif bölgələrində ixtisaslaşmış turizm klasterlərinin paralel inkişafına ehtiyac var:
“Bakı–Abşeron klasteri şəhər və mədəniyyət turizmi, işgüzar tədbirlər, konfrans və sərgilər, qastronomiya, Xəzərsahili istirahət, sağlamlıq və memarlıq irsi kimi sahələr üzrə əsas mərkəz olaraq qalmalıdır. Burada əsas diqqət mövcud hotel tutumundan daha səmərəli istifadə olunmasına, turistlərin orta qalma müddətinin artırılmasına və qeyri-mövsüm dövrlərdə tələbin stimullaşdırılmasına yönəldilməlidir.
Eyni zamanda, ölkənin digər bölgələrində də ixtisaslaşmış turizm klasterlərinin formalaşdırılması vacibdir. Lənkəran–Astara–Lerik–Yardımlı–Masallı zonası təbiət, qastronomiya, çayçılıq, sitrusçuluq, kənd və sağlamlıq turizmi üzrə inkişaf etdirilə bilər. Gəncə–Göygöl–Naftalan–Şəmkir–Gədəbəy–Tovuz–Qazax istiqaməti sağlamlıq, mədəniyyət, şərabçılıq, aqroturizm və dağ təcrübələri üçün potensial daşıyır. Şəki–Qax–Zaqatala–Balakən bölgəsi zəngin mədəni irsi, təbiəti, qastronomiyası və kənd turizmi ilə fərqlənir. Şamaxı–İsmayıllı–Ağsu zonasında isə kənd turizmi, sənətkarlıq, şərabçılıq, astronomiya və mədəni turizm imkanları mövcuddur. Naxçıvan–Ordubad–Culfa–Şahbuz istiqaməti mədəni irs, sağlamlıq, dağ və qastronomiya turizmi baxımından xüsusi əhəmiyyət kəsb edir. Şuşa–Xankəndi–Ağdam, Laçın–Kəlbəcər və Zəngilan–Qubadlı ərazilərinin turizm potensialı isə təhlükəsizlik, infrastruktur, yerli məskunlaşma və təbiətin daşıma qabiliyyəti nəzərə alınmaqla mərhələli şəkildə inkişaf etdirilə biləcək strateji istiqamət kimi qiymətləndirilə bilər”.
