Bakı. Trend:
İraq Fars körfəzi sahilində ölkənin cənubunda yerləşən limanlar vasitəsilə gündəlik 2,1 milyon barrelədək neft ixrac edir.
Bu barədə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim ər-Rikabi məlumat verib.
“Hazırda İraqın cənub limanları vasitəsilə gündə 2-2,1 milyon barrel neft ixrac edirik”, - deyə ər-Rikabi bildirib. Onun sözlərini “Baghdad Today” xəbər portalı yayıb. O əlavə edib ki, “daha 150 min barrel xam neft Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxarılır”.
Neft Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Ceyhan vasitəsilə ixrac “davamlı şəkildə artır” və nazirlik Türkiyə limanına gedən neft kəmərinin ötürücülük gücünü gündəlik 750 min barrelədək artırmağa çalışır.