Bakı. Trend:
ABŞ hakimiyyəti "Hizbullah" təşkilatına maliyyə dəstəyi göstərməkdə ittiham olunan 10 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, nazirlik "Hizbullah"a maliyyə vəsaitlərinin ötürülməsinə cavabdeh olan şəbəkənin tərkibinə daxil olan 10 şəxsi sanksiya siyahısına əlavə edib". Sənəddə bildirildiyi kimi, "bu şəbəkə çərçivəsində Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya reysləri ilə uçuşlar həyata keçirən kuryerlərdən istifadə olunur və onların vasitəsilə yüz milyonlarla dollar vəsait ötürülür".
ABŞ tərəfinin məlumatına görə, bu, "Hizbullah"a valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verir. Məhdudiyyətlər Türkiyə vətəndaşlarına qarşı tətbiq olunur.
Sənəddən məlum olduğu kimi, ABŞ-ın terror təşkilatı hesab etdiyi "Hizbullah" da yeni sanksiya siyahısına daxil edilib. Buna səbəb təşkilatın İran və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğuna dair ABŞ tərəfinin mövqeyidir.