Bakı. Trend:
Çin Qırğızıstan və Vyetnamı vətəndaşlarına 240 saatlıq vizasız tranzit rejiminin tətbiq olunduğu ölkələr sırasına daxil edib.
Bu barədə bu gün Çin Xalq Respublikasının Dövlət Miqrasiya İdarəsi məlumat yayıb.
Bununla da bu siyasətin şamil edildiyi ölkələrin ümumi sayı 57-yə çatıb.
Çində 240 saatlıq vizasız tranzit proqramı xarici vətəndaşlara üçüncü ölkəyə tranzit keçidi zamanı adi viza rəsmiləşdirmədən ölkədə 10 günədək qalmağa imkan verir.
240 saatlıq vizasız tranzit müddəti adətən xarici vətəndaşın nəqliyyat vasitəsi ilə Çinə daxil olduğu və sərhəd nəzarətindən keçdiyi andan başlayır və nəqliyyat vasitəsi ilə Çin Xalq Respublikasının ərazisini tərk etdiyi vaxta qədər hesablanır.
Vizasız tranzit müddətində xarici vətəndaşlar Çinin qanun və qaydalarına riayət etməli, həmçinin müəyyən edilmiş müddət ərzində göstərilən regionun hüdudlarından kənara çıxmamalıdırlar.
Qeyd edək ki, Azərbaycan bu proqramın tətbiq edildiyi ölkələr sırasına daxil deyil.