Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektoru ilə bağlı iki işçi qrupunun yaradılması barədə Sülh Şurası ilə razılığa gəlib. Razılaşmaya əsasən, anklavın yenidən qurulmasına başlanmazdan əvvəl onun demilitarizasiyası başa çatdırılmalıdır.
Bu barədə Netanyahunun ofisi onun Qüdsdə ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə keçirdiyi danışıqların yekunlarına dair məlumat yayıb.
“Baş nazir və Sülh Şurası dərin və konstruktiv müzakirələr aparıblar. İki işçi qrupunun yaradılması barədə qərar qəbul edilib: onlardan biri Qəzzanın silahsızlaşdırılması və demilitarizasiyası ilə məşğul olacaq. İsrail və Sülh Şurası bu prosesi Qəzzada hər hansı bərpa işlərinə başlanmazdan əvvəl başa çatdırmaq əzmindədir. İkinci işçi qrupu isə Qəzza əhalisinin sanitariya, təmiz içməli su və ictimai səhiyyənin digər problemləri ilə məşğul olacaq ki, bunlar İsrail xalqına da təsir göstərən məsələlərdir”, – deyə bəyanatda bildirilir.
Trend xəbər verir ki, Ynet portalının israilli rəsmiyə istinadən yaydığı məlumata görə, Netanyahu Sülh Şurasının nümayəndələri və Cared Kuşnerlə görüş zamanı tələb edib ki, “Qəzza sektorunun bərpasının ilk addımı HAMAS-ın silahlarının Qəzzadakı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə məhv edilməsi üçün təhvil verilməsi olsun”. Ynet-in məlumatına əsasən, bu proses ABŞ-ın nəzarəti altında həyata keçiriləcək.
Bundan əvvəl TASS-a açıqlama verən İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman bildirib ki, Netanyahu Qüdsdəki ofisində Cared Kuşneri və Sülh Şurasının Qəzza üzrə yüksək nümayəndəsi Nikolay Mladenovu qəbul edib.
Avqustun 9-da İsrailin Baş naziri hökumətin həftəlik iclasının əvvəlində bəyan edib ki, ölkəsi Sülh Şurasının Qəzza sektoru ilə bağlı 15 bəndlik planını rədd edir və HAMAS həqiqətən silahsızlaşdırılmayana qədər İsrail qoşunlarını Fələstin anklavından çıxarmayacaq.
2025-ci ilin oktyabrında İsrail və Fələstinin radikal HAMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza sektorunda atəşkəs barədə razılığa gəlib. Təşəbbüs üç mərhələdən ibarət idi. Birinci mərhələ döyüş əməliyyatlarının dayandırılmasını, saxlanılan şəxslərin azad edilməsini və İsrail qoşunlarının qismən çıxarılmasını nəzərdə tuturdu. Sonrakı mərhələlər münaqişənin tam başa çatdırılması və anklavın bərpasını ehtiva etsə də, tərəflər indiyədək razılaşmanın ikinci mərhələsinə keçə bilməyiblər.