Bakı. Trend:
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus hərbi desant gəmisinə və onu müşayiət edən katerlərə ballistik raketlərlə hücum edib.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur – red.) Qırmızı dənizdə Muha sahilləri yaxınlığında Səudiyyə Ərəbistanına məxsus düşmən hərbi desant gəmisinə və onu müşayiət edən dörd hərbi katerə hücum edib”, – deyə Sariya qeyd edib.
Onun sözlərinə görə, ballistik raketlərlə endirilən zərbə dəqiq olub və nəticədə gəmi tamamilə yanıb, katerlərin bir qismi batıb, qalanlarında isə yanğın baş verib.