Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 13 milyard 385,1 milyon kubmetr qaz nəql edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 167,9 milyon kubmetr və ya 1,3% çoxdur.
Ümumilikdə, magistral qaz kəmərləri ilə 23 milyard 989,9 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox qaz nəql edilib. Qazın nəqlinin 55,8 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb.
2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.