Bakı.Trend:
ABŞ-nin başlıca məqsədi İranın heç bir halda nüvə silahına malik olmamasını təmin etməkdir.
Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Bir nömrəli məqsəd bundan ibarətdir və həmişə belə olacaq: İran heç bir halda, heç bir şəkildə və heç bir formada nüvə silahına malik ola bilməz”, – deyə o, “Truth Social” platformasında yazıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.