Bakı. Trend:
Ağ Ev çərşənbə axşamı, avqustun 11-də Arktikanın vəziyyəti ilə bağlı əsas hesabatın dərcinin ləğv edildiyini təsdiqləyib. Elmi araşdırmalar sahəsində yüksək qiymətləndirilən bu sənəd 2006-cı ildən etibarən hər il, hətta Tramp administrasiyasının artıq hakimiyyətdə olduğu 2025-ci ilin dekabrında da dərc olunub.
Lakin bu hesabatın hazırlanmasını koordinasiya edən federal qurum – ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) – sənədi 2026-cı ildə dərc etməmək qərarına gəlib. Qurumun yaydığı açıqlamada bildirilir: “2026-cı il üzrə Arktika hesabatının koordinasiyası NOAA tərəfindən həyata keçirilməyəcək.” Açıqlamada bu işin qəfil dayandırılmasının səbəbi göstərilməyib.
NOAA-nın keçmiş rəhbəri, okeanoqraf Rik Spinrad AFP-yə açıqlamasında buna etiraz edərək bildirib ki, “onlar cəhaləti tətbiq edirlər”, halbuki “Arktika iqlim dəyişməsinin barometridir”. 2025-ci ilin dekabrında yayımlanan hesabatda Şimal qütbünü əhatə edən bu buzla örtülü bölgənin müşahidələr tarixində ən isti ilini yaşadığı qeyd olunurdu.
“Arktika planetin ən sürətlə istiləşən bölgəsidir”, – deyə son illərdə hazırlanan hesabatın üç müəllifindən biri olan Tvila Mun AFP-yə bildirib. Kolorado Universitetinin Boulder şəhərciyində çalışan tədqiqatçı bu qərardan “son dərəcə məyus olduğunu” deyib və əlavə edib: “Amerikanın iqlim elminin liderliyini və ekspert potensialını qoruyub saxlamamaq səhvdir.”
Bununla belə, Mun digər həmmüəlliflərlə birlikdə federal hökumətin dəstəyi olmadan “2026-cı ildə Arktika ilə bağlı hesabatı dərc etmək üçün yol tapmağa” çalışdıqlarını bildirib.
Bu, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişməsinin təsirlərini sənədləşdirən elmi araşdırmalara qarşı çıxmağa qərarlı hökumətin sonuncu addımıdır. Bir neçə gün əvvəl özünü müstəqil hesab edən nüfuzlu elmi qurum – Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları – ABŞ prezidentinin qəzəbinə səbəb olmuş məhkəmə sistemi üçün nəzərdə tutulan əsas vəsaitdəki iqlim dəyişməsinə həsr olunmuş bölməni saytından çıxarmışdı.