Bakı. Trend:
İran uzun sürən iqtisadi böhran, gəlirlərin kəskin azalması, qiymətlərin artması, müharibə və sairə problemlər səbəbindən tarixi yol ayrıcındadır.
Bunu iranlı ekspert Məsud Nili “Donyaye-Eqtesad” qəzetində yazdığı məqalədə qeyd edib.
“Son illərdə, əsasən də 2018-ci ildən bəri ölkədə iqtisadi, ictimai, mədəni və siyasi baxımdan müxtəlif dəyişikliklər baş verib. Bu dəyişikliklər fonunda zamanın keçməsi ilə əsasən iqtisadiyyat baxımından daha dərin problemlər yaranıb”, - deyə o qeyd edib.
Nili əlavə edib ki, 2018-ci ilin əvvəlindən bəri xarici valyuta qarşılığında ölkənin milli valyutası 50 dəfə dəyərini itirib:
“Halbuki ötən analoji dövrlə müqayisədə milli valyutanın dəyəri maksimum şəkildə 4 dəfə azalmışdı. Eyni zamanda valyutanın 50 dəfə dəyərini itirməsi normal hadisə kimi qeydə alınmayıb. Bu dəyərini itirmə güclü zəlzələ kimi İran iqtisadiyyatını titrədib və böyük dağıntılara səbəb olub”.
İranlı ekspert bildirib ki, qeyd olunan zaman kəsiyində ölkədə qiymətlər 19 dəfədən çox, ərzaq xərcləri isə 34 dəfədən çox artıb:
“ Halbuki ötən analoji dövrdə bu artım təxminən 3,5-3,8 dəfə, ərzaq xərcləri isə 4 dəfə təşkil edib.Təxminən 8 illik dövrdə ölkənin Ümumdaxili Xammal İstehsalı artımı təxminən 1,5 dəfə olduğu halda, 2018-dən bəri bu istehsal artımı çox azalıb və adambaşına xalis gəlir 12% azalıb”.
Nili qeyd edib ki, 2018-2024-cü illər aralığında təxminən 16 milyon nəfər yoxsulluq səviyyəsindən aşağı olan kütləyə əlavə olunub:
“Təbii ki, ondan sonrakı dövrlə bağlı hələlik məlumat dərc olunmayıb. 2018-dən bəri əmək məşğulluğu yaşına təxminən 5 milyon nəfər əlavə olunub. Halbuki xalis məşğulluğa sadəcə 400 min nəfər əlavə olunub”.
Nilinin fikrincə, yığılan iqtisadi problemlər idarəetmənin daha dərin böhranını əks etdirir:
“ İran qarşıdurma kursunu davam etdirməklə sabitliyə, iqtisadi inkişafa və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş model arasında seçim qarşısındadır”.