Bakı.Trend:
Ermənistan gələcəkdə Azərbaycandan qaz idxal edə bilər.
Bu barədə “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyan keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, tədarüklərin şaxələndirilməsi variantlarından biri kimi TRIPP layihəsi çərçivəsində qaz kəmərinin çəkilməsi ola bilər.
Güman olunur ki, yeni infrastruktur Ermənistan ərazisindən keçəcək və ölkəyə potensial olaraq əlavə qaz mənbəyi əldə etmək imkanı yaradacaq.
Xandanyan qeyd edib ki, hələlik söhbət yalnız nəzəri mümkünlükdən gedir, hərçənd onun sözlərinə görə, belə bir layihənin texniki cəhətdən həyata keçirilməsi hər hansı ciddi çətinlik yaratmamalıdır.
Deputat həmçinin bildirib ki, Rusiya qazının qiymətinin dəyişdirilməsi ilə bağlı məsələ ortaya çıxanda İrəvan onu tərəfdaşlıq formatında Moskva ilə müzakirə etmək niyyətindədir. Bununla belə o, təkcə bir təchizatçıdan asılılığın azaldılmasının vacibliyini vurğulayıb.
Xandanyan Ermənistanın birbaşa olaraq Azərbaycandan qaz idxal etməsi imkanını da istisna etməyib.