Bakı. Trend:
Liviyanın Zaviya şəhərində ölkənin ikinci ən böyük neft emalı zavodunun ərazisində yerləşən yanacaq çəninə hücum edilib.
Bu barədə Milli Neft Korporasiyası (NOC) bazar ertəsi "Facebook" səhifəsində yaydığı bəyanatda bildirib.
"Bazar ertəsi axşam benzin saxlanması üçün Brega Oil Marketing şirkətinə məxsus 402-T çəninə birbaşa zərbə endirilib. Nəticədə güclü yanğın baş verib və çən tamamilə çöküb. Çəndə təxminən 4,5 milyon litr benzin olub. Bu isə obyekt, yaxınlıqdakı neft infrastrukturu və ətraf ərazilər üçün potensial təhlükə baxımından hadisəni son dərəcə ciddi edir", – deyə bəyanatda qeyd olunub.
Zaviyadakı zavodun emal gücü gündə 120 min bareldir.
NOC son günlərdə oxşar hücumların baş verdiyini bildirib. Şənbə günü Tripolidən 45 kilometr qərbdə yerləşən Zaviyada dizel yanacağı çəninə, bazar günü isə suyun duzsuzlaşdırılması zavoduna hücum edilib.
"Yanğınsöndürmə və mülki müdafiə qrupları dərhal müdaxilə edərək yanğının yayılmasının qarşısını almaq üçün bitişik çənləri də soyutmağa başlayıblar", – deyə Brega Oil bazar ertəsi axşam yaydığı bəyanatda bildirib və "dəymiş zərərin qiymətləndirilməsinə başladığını" da qeyd edib.
Ölkənin əsas şirkətlərindən biri olan Brega Oil bütün tərəfləri "istənilən düşmənçiliyə son qoymağa və neft obyektləri və saxlama anbarlarından uzaq durmağa" təcili çağırışını təkrarlayıb.
Hazırda hücum və ya yanğın nəticəsində ölən və yaralananların olub-olmadığı məlum deyil.